SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Pekinin Bakıya marağı erməniləri niyə qəzəbləndirdi?
DÜNYA 09:42 / 02.05.2019
Prezident İlham Əliyevin 25-27 aprel tarixində Pekində keçirilən "Bir kəmər, bir yol” Forumunda iştirakı, imzalanan müqavilələr və bu qlobal layihədə Azərbaycanın əsas iştirakçılardan biri olmasından narahat olan iki cəbhə var: birinci, Azərbaycanda iqtidara müxalifət adı altında fəaliyyət göstərənlər; ikinci, işğalçı Ermənistan.

Birincilər, Azərbaycan liderinin Çin səfərinin əhəmiyyətini azaltmağa və bunu "Çin Azərbaycanda pomidor yetişdirəcək” kimi göstərməyə cəhd etdilər.

Bu cür nəticəsiz cəhdlər Azərbaycan-Çin münasibətlərinə, yaxud səfərdən əldə olunan siyasi və iqtisadi dividendlərə təsir göstərmək gücündə deyil, əksinə, onlar bununla məqsədlərinin mahiyyətini göstərmiş oldular: Azərbaycan nə qədər zəif olsa, nə qədər böhran yaransa, onlar bir o qədər qazana biləcəklərini hesab edirlər. Bu, çətin iqtisadi dövrlərdə, yaxud yaranan böhranlarda vəziyyətdən sui-istifadə edən "dəllallıq” prinsipi ilə eynidir. Bu baxımdan, Azərbaycanın "Bir kəmər, bir yol” layihəsinin "Orta Dəhlizi”ndə əsas oyunçulardan olması, Azərbaycan liderinin Pekində xüsusi ehtiramla qarşılanması belə "dəllalları” narahat etməyə bilmir.

İkincilər, ermənilərdir və İrəvanda Bakı-Pekin münasibətlərinin isteriya ilə qarşılanması təəccüblü deyil. Çünki Pekinin Bakıya maraq göstərməsi və Azərbaycanın "Bir kəmər, bir yol” layihəsində rolu regionda işğalçı Ermənistanın arxa plana keçməsi və gələcəyinin sual altına düşməsi deməkdir. Söhbət gələcək 50 ildə dünya iqtisadiyyatını formalaşdıracaq dəyəri trilyon dollarlarla ölçülən layihədən gedir və Azərbaycanın bu layihədən iqtisadi gəliri milyardlarla dollar olacaq. Bununla yanaşı, ölkəmizin Uzaq Şərqlə Qərbi Avropanı birləşdirən körpü olması Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində rəsmi Bakının əlini gücləndirir.

Bunu anlayan ermənilər Nikol Paşinyan hakimiyyətini tənqid edirlər. Erməni şərhçi Tevos Arşakyan yazır ki, Nikol Paşinyan Pekində keçirilən "Bir kəmər, bir yol” forumunda qatılmamaqla təkcə Ermənistanın regiondakı əhəmiyyətini təqdim etmək imkanını qaçırtmadı, həm də əlverişli müqavilələr imzalamağı, investisiya axınını təmin etməyi əldən verdi.

"Biz Ermənistanda tez-tez şikayətlənirik ki, ölkə iqtisadi, nəqliyyat və energetika blokadasındadır, lakin bizim bədbəxtliklərimizin səbəbi təkcə bu deyil. Hələ ötən ilin aprelində ölkədə genişmiqyaslı etirazlar keçiriləndə Nikol Paşinyan müxalifət lideri kimi bildirirdi ki, Ermənistanın blokada şəraitində inkişafı son dərəcədə çətindir, buna görə şəraitdən istifadə etməli və yükdaşıma sferasını inkişaf etdirmək lazımdır. O vaxtdan bir il keçdi, Paşinyan artıq müxalifət lideri yox, hökumət başçısıdır. Gözlənilən idi ki, o hakimiyyətdə bu imkanlardan daha yaxşı istifadə etmək üçün çalışacaq, lakin təəssüf ki, dəfələrlə çox gözəl imkanları itirdi. Budur, Pekində keçirilən "Bir kəmər, bir yol” forumunda 37 ölkənin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin təkbətək görüş keçirdi, Azərbaycan bir sıra müqavilələrə imza atdı. Ermənistan isə forumda nəinki hökumət başçısı səviyyəsində, heç spiker səviyyəsində belə təmsil olunmadı, əvəzində təbiətin mühafizəsi naziri orada idi. Nazir Erik Qriqoryan çinli həmkarı ilə əməkdaşlıq memorandumu imzaladı. Lakin bu memorandum Ermənistanın blokadasına necə təsir göstərir? Bu, Çinin Cənubi Qafqazda nəqliyyat və energetika layihəsində Ermənistanın iştirak edəcəyi deməkdirmi? Xeyr!”, - erməni şərhçi qəzəblə yazır.

Arşakyanı narahat edən əsas məsələlərdən biri isə Pekində 64 milyard dollar dəyərində 283 müqavilənin imzalanması və Ermənistanın bu müqavilələrdən heç bir pay ala bilməməsidir. Azərbaycan isə bu imkandan səmərəli şəkildə yararlandı.

Prezident İlham Əliyevin Pekin səfəri zamanı Azərbaycanla Çin arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Bu, forum çərçivəsində imzalanan 64 milyard dollar dəyərindəki müqavilələrdən Azərbaycanın əhəmiyyəti pay əldə etməsi deməkdir.

Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı da Çin səfərinə toxundu və bəyan etdi ki, "Çində keçirilmiş "Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək”.

Bu, Azərbaycan liderinin Çin səfərindən əldə etdiyimiz ilkin nəticədir, gələcək qazanclarımız isə yoldadır...

Erməniləri qəzəbləndirən əsas amil də forumda niyə Ermənistanın yox, Azərbaycanın iştirakı və Pekinin məhz Bakıya xüsusi maraq göstərməsidir. Görünür, onlar bunun acığını Paşinyandan çıxarmaq qərarına gəliblər. Bizim "dəllallar” isə acıqlarını pomidordan çıxarır...

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.