SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
Paşinyan və Tonoyan nə qədər istəyir bunu etsin, amma... - Ekspert AÇIQLADI
REPORTAJ 06:18 / 11.04.2019

"Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. "Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - Dərgahlı deyib.

Məsələ ilə bağlı açıqlama verən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli qeyd edir ki, Devid Tonoyan peşəkar hərbçi deyil, ancaq təbiət etibarilə çox hiyləgər insandır:

"Ermənilərə xas olan hiyləgərliyin, az qala, bütün cəhətləri bu insanda özünü biruzə verir. Onun tez-tez bir-birinə zidd bəyanatlar verməsi, uyğunsuz fikirlər söyləməsi fəal işləmək imitasiyası yaratmağa hesablanıb. O, Nikol Paşinyanın gözündə özünü elə göstərməyə çalışır ki, bu adam hər şeydən xəbərdardır, prosesləri izləyir, baş sındırır və uğurlu ordu quruculuğu həyata keçirir. Ermənistanın uğurlu hərbi siyasətilə məşğuldur. Əslində isə Tonoyan mənəvi cəhətdən o qədər də yetkin olmayan bir şəxsdir. İndi də Azərbaycan kəşfiyyatı haqqında sarsaqlıqlar söyləməyə başlayıb.

Burada təəccüblü heç bir şey yoxdur. Hər iki ölkə bir-birinə qarşı apardığı müharibədə kəşfiyyat faktorundan istifadə edir. Kiminki daha səmərəli çalışır, kiminki daha ayıq-sayıqdır - bunu söyləmək çətin olsa da, Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi kəşfiyyat sahəsində də Ermənistanı üstləməyə çalışır. Biz gizlətmirik ki, bizim Ermənistanda kifayət qədər informasiya qaynaqlarımız var. Biz həmin qaynaqlar vasitəsilə Ermənistandakı hərbi, siyasi durum, eləcə də, gələcək niyyətləri barədə məlumatlar əldə edə bilirik. Bu, Azərbaycan kəşfiyyatının apardığı səmərəli işin hesabınadır. Ermənilər də bizim ərazimizdə müəyyən kəşfiyyat işləri aparır. Lakin onların nə qədər uğurlu olduğunu söyləmək bir qədər çətindir. Ancaq Azərbaycan kəşfiyyatının Ermənistan haqqında kifayət qədər məlumatlı olduğunu söyləmək mümkündür. Əvvəla, Ermənistan ərazisindən çıxmış və bu gün beyin mərkəzlərinə çevrilmiş çox sayda insanlarımız var. Onlar erməni dilini çox gözəl bilir və intellektual insanlardırlar. Onlar Ermənistanın mətbuatını, radio və televiziyasını təhlil edir.

İstisna deyil ki, Ermənistanın müxtəlif məntəqələrində, bölgələrində, eləcə də, Dağlıq Qarabağda Azərbaycan üçün çalışan insanlar var. Onların bir çoxu erməni mənşəlidir və öz fəaliyyətlərinə görə də mükafatlandırılırlar. Paşinyan da, Tonoyan da qoy öz başlarını sındırıb həmin kəşfiyyat məlumatlarını ötürənlərin axtarışına girişsinlər. Görək, onların bu axtarışından bir şey çıxacaqmı? İstənilən halda, Azərbaycan dünya praktikasında mövcud olan fəaliyyət normalarına görə hərəkət edir. Müharibə şəraitində olan ölkə özünü lazımi informasiya ilə təmin etmək hüququna malikdir”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.