SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub
MƏDƏNİYYƏT-ŞOU 12:16 / 09.04.2019
Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün "17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin "4 nömrəli Ballada”sını, P.Çaykovskinin "Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün "7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Denis Matsuyev haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab edilir. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu "Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində "Ayın albomu” adına layiq görülüb.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.

D.Matsuyev 23 yaşında olarkən P.Çaykovski adına XI Beynəlxalq müsabiqədə uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən böyük musiqi festivallarının mühüm iştirakçısı, Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.