SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Naxçıvan kəndlərində qışa hazırlıq
VİDEO 10:15 / 27.03.2019


Mətbəx mədəniyyətimizdə qışa hazırlıqla bağlı ta qədim zamanlardan bəri maraqlı adət-ənənələr formalaşıb.

Belə ki, ölkəmizin bir sıra bölgələrində olduğu kimi, Naxçıvanda da növbəti qışa hazırlıq yaz aylarından başlayır. İlin bu fəslində bitən göyərti məhsullarından qış azuqəsi hazırlanır. Bu bitkilər xörəklərə xüsusi dad verir. Payız aylarında isə hazırlıq işləri daha da sürətlənir - turşular qoyulur, qovurmalar hazırlanır, əriştə və digər xəmir yeməkləri üçün bir sıra işlər görülür. Xüsusən kəndlərimizdə bu işlər dədə-baba adəti ilə həyata keçirilir. Bu yaşayış məntəqələrindən biri də adət-ənənələrimizin yaşadıldığı Nehrəm kəndidir.

Nehrəmdə payız aylarında əriştə kəsilməsi maraqlı məqamlarla yaddaqalandır. Bu kənddə qonağı olduğum Səkinə Zülfüqarova məni qonaqpərvərliklə qarşılayır. Səkinə xanım əriştə kəsilməsi ilə bağlı xatirələrindən danışaraq deyir ki, hələ kiçik yaşlarında nənəsi qış azuqəsi hazırlayar, əriştə kəsilməsi, təndirə çörək yapılması uşaqlar üçün əsl toy-bayrama çevrilərdi. Onlar yaşlı qadınların ətrafına toplanaraq xəmirin yoğurulmasına, kündələnməsinə, kəsilməsinə tamaşa edərdilər: "Nənəm mənim bu işlərə çox maraq göstərdiyimi görüb əriştəni necə kəsmək haqqında danışar, bəzən oxlovu mənə uzadıb, "bala, sən də bir kündə aç görüm, bacarırsanmı”, deyərdi. Təbii ki, balaca olduğum üçün kündələri yaxşı aça bilməz, bəzən pərt olardım. Onda nənəm mənə ürək-dirək verər, "eybi yox, böyüdükcə öyrənərsən”, deyərdi. Artıq o illərin üzərindən çox vaxt keçib, mən də nənə olmuşam, bu işi həvəslə qız nəvələrimə öyrədirəm. Ona görə ki, məni də öyrədiblər, bu, bir növ, mənəvi borcdur”.

Qış aylarında isti Naxçıvan əriştəsinin öz yeri var

Səkinə xanım bildirir ki, əriştə kəsilməsi kənardan göründüyü kimi o qədər də asan iş deyil. "Azı dörd köməkçin olmalıdır. Yoxsa iş getməz, alınan məhsul da yaxşı çıxmaz. Əvvəlcə un ələyir, üstünə duz, yumurta və su əlavə edib qarışdırırıq. Daha sonra xəmir yoğurulur. Xəmiri hissələrə bölür, kündələyirik. Sonra kündələrə un səpib oxlovla nazik yuxa yayırıq. Yuxanın üstünə un səpib oxlovla bükür, əriştə kəsirik. Kəsilmiş əriştələr həyətdə şəridlərə sərilir. Quruduqdan sonra qazanlara yığıb qışa saxlayırıq”, - deyə o vurğulayır.

Əriştənin yaxşı alınmasında əsas şərtlərdən biri də onun quruduqdan sonra qovurulmasıdır. Bacarıqlı qadınlarımız əriştəni qovurarkən yanmamasına, ancaq yaxşı qızarmasına diqqət edirlər. Qovurulan əriştə uzun müddət qalır, onunla bişirilən yemək də dadlı olur. Bundan başqa, əriştəni qaz pilətəsində yanan odda yox, ocaqda qovuranda daha dadlı olur. Çünki yanan odunların ətri də xəmirə çökür.

Dağlardan yaz aylarında yığılıb hörülərək qurudulan ələyəz bitkisi əriştə aşına xüsusi dad verir. Bu gün elə bir kənd evi olmaz ki, onun mətbəxində ələyəz bitkisi olmasın.

Əriştəni qovurma ilə bişirərkən ilk olaraq soğan qovurma ilə qızardılır, lavaşa vurulur, sonra müəyyən miqdarda qaynar su tökülür. İçərisinə lobya və ya noxud, istiot, duz, alça atılır və odun üstündə qaynadılır. Bişənə yaxın əriştə əlavə edilir. Əriştə tökülərkən yaxşı alınmasından ötrü yüngülcə qarışdırılır və xörək qatılaşana qədər zəif odda bişirilir.

 Qış aylarında isti Naxçıvan əriştəsinin öz yeri varKüftəli əriştə aşı da bir çoxları tərəfindən bəyənilən yeməkdir. İlk olaraq soğan yağda qızardılır, lazımi qədər qaynar su tökülür, ədviyyatlar əlavə edildikdən sonra noxudu (lobyanı) bişənə yaxın əvvəlcədən hazırlanmış balaca küftələr xörəyə əlavə olunub bir az qaynadılır, sonra isə əriştəsi vurulur.

Ətli əriştə aşı ətin şirəli, sümüklü hissələri ilə bir yerdə bişirildikdə də çox dadlı olur. Bunun üçün sümüklü ət qaynadılır, yağda qızardılmış soğan, sonra lobya (noxud), baş soğan, ərik, alça, istiot, duz, bişənə yaxın isə əriştə əlavə edilir.

Bu yemək əl əməyinin, göz nurunun, illərin təcrübəsinin, qadın zəhmətinin, onun əllərinin hərarətinin, qayğıkeşliyinin məhsuludur. Nə qədər ki süfrələrinizi bu təamdan əskik etməmisiniz, qış fəslinin şaxta, sazağı da sizi qorxutmayacaq.














 








Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.