SON XƏBƏRLƏR
16 Iyul 2019
15 Iyul 2019
14 Iyul 2019
13 Iyul 2019
12 Iyul 2019
“Yalandır, hökumət heç o təşkilatları da bağlamayıb...” - Müsahibə
MÜSAHİBƏ 04:14 / 23.02.2019

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

publika həmin müsahibəni təqdim edir:

– Sahib bəy, Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) fevralın 21-də açıqladığı "Susdurmaq üçün hazırlanmış qanunlar: vətəndaş cəmiyyəti təşkilatlarına qlobal təzyiq” adlı hesabatında Azərbaycanı QHT-lərə əngəllər yaradan, onların normal fəaliyyət göstərməsinə imkan verməyən 50 ölkə siyahısına daxil edib. Əvvəlcə bu hesabata münasibət bildirməyinizi xahiş edərdik...

– Bildiyiniz kimi, hesabata QHT-lərə ən çox hücumlar olan, qanunvericilik məhdudiyyəti yaradan ölkələrin adları daxil olunub. Qəribəsi odur ki, Azərbaycanda bir nəfərə – Rəsul Cəfərova istinadən bu böyüklükdə qənaətə gəliblər.

Əvvəla, Amnesty İnternational bilməlidir ki, Azərbaycanda QHT-lərin qeydiyyatı könüllüdür. Qeydiyyat yalnız hüquqi şəxs statusu əldə etmək üçün lazımdır. Əks halda qeydiyyat tələb olunmur. İstənilən təşkilat bu barədə bəyanat verməklə fəaliyyətə başlaya bilər. İkincisi, Rəsul Cəfərova istinadən göstərilir ki, guya İnsan Hüquqları Klubunun fəaliyyətini nümayişlər təşkil etdiyi üçün dayandırıb və o, həbs edilib. Əslində isə Rəsul Cəfərovun İnsan Hüquqları Klubu adlı qeydiyyatı olmayan ictimai birliyin adına gələn vəsaitləri özünün vergi orqanlarında uçotda olmayan bank hesablarına, kredit kartlarına alırdı. Bu isə Azərbaycan qanunvericiliyinə görə vergidən yayınmadır. Başqa adı yoxdur. O vaxt Rəsul Cəfərov bunu etiraf da etdi, vergisini də ödədi. Sonra da azad olundu.

Hesabatda növbəti yalan ondan ibarətdir ki, guya Azərbaycanda QHT sədrləri öz təşkilatlarını bağlamalı olurlar. Əslində isə Azərbaycanda sonuncu dəfə məhkəmənin qərarı ilə bir QHT-nin hüquqi şəxs statusu əlindən alınıb. Son 11 ildə başqa bir nümunə yoxdur. Amma bəzi QHT-lər qəsdən bəyannamə verməklə fəaliyyətlərini müvəqqəti dayandırıblar. Bu isə ondan ötrüdür ki, üçüncü ölkələrə gedib hesab açıb, orada çirkli pullar əldə edib Azərbaycana gətirirlər.

Xarici ölkələrdə də deyirlər ki, bəs bizim QHT-ni hökumət bağlayıb. Halbuki rəsmi statistikanı götürdükdə müstəqillik illərində Azərbaycanda ümumiyyətlə cəmi 2 QHT-nin fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilib. Bu, sonuncu dəfə qeyd etdiyim kimi 2008-ci ildə olub. Bu da hökumətin təşəbbüsü ilə deyil, təsisçilərin birinin şikayəti əsasında baş verib.

Bundan əlavə, hesabatda qətiyyən qeyd olunmur ki, Azərbaycanda QHT-lərə 12 nazirlik və digər dövlət orqanı, bir neçə ixtisaslaşmış qurum maliyyə yardımı edir. Hesabatda bu barədə heç nə yazılmayıb.

Son illərdə saylarının azalmasına baxmayaraq beynəlxalq QHT-lərin, o cümlədən Avropa İttifaqı, BMT, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda ofisləri var və onlar qrant verirlər. Yəni, bir sözlə, qərəzli yanaşmadır və bir nəfərin, özü də kimin – ermənipərəst PIN təşkilatının burdakı nümayəndəsinin adından verilib və onun əsasında Azərbaycanla bağlı bu cür qənaət formalaşdırırlar. Hesab edirəm ki, kifayət qədər ədalətsiz yanaşmadır.

Biz həmişə deyirik ki, QHT-lərin qrantlara çatımı ilə bağlı problemlər var. Amma bu məsələlər hesabatda həddən artıq şişirdilir və 50 ölkə sırasına daxil edilir. Özü də bir nəfər qərəzli, ermənipərəst təşkilata bağlı şəxsin fikirləri əsasında hazırlanıb.

– Yəni, burda da erməni izi var?..

– Erməni izi olduğunu deməzdim. Sadəcə informasiya mənbəyi rolunda çıxış edən şəxs ermənipərəst PIN təşkilatının burdakı nümayəndəsidir. Hesabatda Azərbaycanda QHT-lərin bağlanması, onun təmsilçilərinin xaricə qaçmağa məcbur olması və sair ifadələr işlədilir. Bilirsiniz ki, 2014-cü ildə təxminən 10 təşkilatın hesabına müvəqqəti həbs qoyulub. Sonradan bu həbslər götürülüb. Ancaq hökumət hətta o təşkilatların da fəaliyyətinə xitam verməyib. Daha doğrusu, heç birinin fəaliyyətinə xitam verilməsinə dair məhkəmədə iddia qaldırmayıb.

– Sizin də qeyd etdiyiniz kimi, sonradan onların bank hesabları üzərindən həbslər götürülüb...

– Bəli, götürüldü. Amma belə bir üsul var; üçüncü ölkələr vasitəsilə maliyyələşmə sxemi. Həmin sxem Azərbaycana da tətbiq olunub. Ona görə hazırda o təşkilatlarının bir çoxu elektron bəyannamə verməklə fəaliyyətlərini müvəqqəti dondurublar. Fəaliyyəti bərpa etmək üçün yenidən bəyannamə verməyə ehtiyac yoxdur. Sadəcə fəaliyyətə başlayırsan və növbəti rübdə də hesabat təqdim edirsən. Beləliklə, artıq fəaliyyət bərpa edilmiş sayılır. Yəni, müvəqqəti donduranda bir elektron bəyannamə vermək lazımdır. Amma bərpa edən zaman heç buna da ehtiyac yoxdur.

Gürcüstanda və bəzi Şərqi Avropa ölkələrində isə hesablar açan təşkilatlar var. Əsasən də bu hesablar Tiflisdə açılır. Onlar burda təşkilatlarının fəaliyyətini dondurublar ki, guya onlar burda təqib olunurlar. Çünki bu zaman xaricdən pul almaq asanlaşır.

– Hesabatın sonunda 50 dövlətin adının olduğu cədvəl verilib. Cədvəldəki ölkələrlə Azərbaycanın adını eyni siyahıya qoymaq nə dərəcədə düzgündür?

– Bəli, siyahıda elə dövlətlər var ki, orada qeyri-hökumət təşkilatının fəaliyyətinə həqiqətən də ciddi əngəllər yaradırlar. Məsələn, bizdə ictimai birlik qeydiyyatı olmadan da fəaliyyət göstərə bilər. Amma o 50 ölkənin əksəriyyətində qeydiyyatı olmayan qeyri-hökumət təşkilatı, ictimai birlik yaratmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Bundan əlavə sənəddə göstərilir ki, hesabatı düzgün verməməklə, hesabatlılıqla bağlı cinayət məsuliyyəti nəzərdə tutulub, həbslər ola bilər. Bizdə istər Maliyyə Nazirliyinə, istər Ədliyyə Nazirliyinə, istərsə də vergi orqanlarına hesabatların düzgün verilməməyinə görə inzibati məsuliyyət var. Heç bir cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bu da yalan məlumatdır. Yəni, təşkilat cərimə oluna bilər. Təşkilata və təşkilatı təmsil edən şəxslərə müəyyən maliyyə sanksiyaları ola bilər. Amma heç bir halda cinayət məsuliyyəti yoxdur. Cinayət məsuliyyəti ümumiyyətlə vergidən külli miqdarda yayınmaya görə nəzərdə tutulub. Bu, artıq təkcə qeyri-hökumət təşkilatlarına deyil, bütün vergi ödəyicilərinə adi bir müddəadır.

– Amnesty İnternational bildirir ki, 50 ölkənin bəzilərində azlıqların hüquqlarını müdafiə edən QHT-lər özəlliklə hədəfə alınırlar. Ən çox da qadınların, LGBT, miqrant və qaçqınların hüquqlarını qoruyanlar və ətraf mühit qrupları hədəfdədirlər. Bu iddia ilə də bağlı münasibət bildirməyinizi istərdik...

– Dövlət qadın təşkilatlarının inkişafına hərtərəfli yardım göstərir. Miqrantların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən təşkilatlara da heç bir məhdudiyyət yoxdur. LGBT istiqamətində fəaliyyət göstərən hansısa təşkilat qeydiyyat üçün müraciət etməyib. Amma qeyri-rəsmi ictimai birlik kimi fəaliyyət göstərənlər varsa, onlarla bağlı hökumət heç nə etmir. Yəni, onların fəaliyyətinə əngəllər törətmir.

Sadəcə cəmiyyətin özünün LGBT-yə münasibəti fərqlidir. Hesabatın bu məqamları heç bir halda bizə aid məsələlər deyil. Bizdə qadınlarla, miqrantlarla bağlı qeyri-hökumət təşkilatına heç bir əngəldən söhbət gedə bilməz. Qaçqınların hüquqlarının təmin olunması yönündə fəaliyyət göstərən yüzlərlə qeyri-hökumət təşkilatı var. Bir daha qeyd etmək istərdim ki, bu məqamlar ölkəmizə aid deyil.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.