SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Özündən 24 yaş böyük qadınla evli olan prezident - Ana-bala münasibəti, yoxsa əsl sevgi?
DÜNYA 13:15 / 14.02.2019
Sevginiz uğrunda hansı paslı zəncirləri qırmısınız? İllərinizi, aylarınızı heçə sayıb onu gözləməkdən ibarət olmusunuzmu heç? Bütün dünya bir yana, özünüz "O” adlı planetin sakininə çevrilmisiniz? "Yox" deyirsinizsə, demək Brijit və Emmanuel kimi aşiq olmamısınız.

Günümüzün ən təzadlı cütlüyü Makron ailəsindən danışacam sizə. Ən əsası Brijit adlı quru ilə Emmanuel adlı şagirdin alovlu, çılğın məhəbbətinin ilk toxumundan tutmuş, saralmış yarpaqlarına qədər bütün mərhələləri təsvir edəcəm. Başlayaq hadisələrin start nöqtəsindən. Qayıdaq 66 il əvvələ, yəni ana Brijitin doğum tarixinə.



Publika.az bildirir ki, 1953-cü ilin 13 aprelində Fransanın şeir qoxan Pikardiya vilayətində varlı Tronye ailəsinin 6-cı son beşik övladı dünyaya göz açır. Körpəyə Brijit Mari Klod adı verirlər. Brijitin anası Simona Puyol evdar qadın, atası Jan Tronye isə şirniyyat mağazaları şəbəkəsinin sahibi idi. 6 uşaqlı böyük klanın ən kiçiyi Bibi xanımın həyatının ilk illəri Əmyen şəhərində keçir. Tronye ailəsinin şirniyyat biznesinin şah əsəri bu gün qlamurların sevimlisi rəngbərəng makarunlar idi. Biznes ailənin büdcəsinə hər il 4 milyon avro qazandırırdı.

Brijit olduqca diqqətli, məqsədyönlü və məsuliyyətli uşaq idi. Odur ki, təhsilini də problemsiz başa vurub ticarət palatasında mətbuat katibi kimi çalışmağa başlayır. Sertifikat qazandıqdan sonra fransız və latın dillərindən dərs vermək hüququ əldə edir. Bir müddət Parisdə, daha sonra isə Strazburqda müəllimə işləyən Bibi ruhuna yaxın ortam tapmadığından yenə doğma şəhərinə qayıdır.



İndi süzülməyinə aldanmayın, cavanlığı çox gözəl olub. Ona görə daim pərəstişkarları başına dolanıb. Gözəlçə Bibi uzun seçimlərdən sonra çətinliklə də olsa, həyat yoldaşını seçib, 21 yaşında ailə qurur. Sevimli əri gənc bankir Andre Lüi Ozyeraya 3 övlad bəxş edən Brijit onunla ayrılmağı fikrinin ucundan belə keçirmirdi.

Əslinə qalsa, gənc müəllimə Emanuellə görüşənədək sıradan ənənəvi həyat sürürdü. Özünü ailəsinə və pedoqoji fəaliyyətinə həsr etmişdi. 39 yaşlı qadın bir gün Emmanuel Makron adlı şagirdi ilə üz-üzə gəlir. Emmanuelin o zamanlar 15 yaşı var idi. Bir çox mənbədə onun Brijitin qızı ilə bir sinifdə oxuduğu və gələcək həyat yoldaşından ədəbiyyat dərsləri aldığı ilə bağlı yanlış məlumatla rastlaşa bilərsiniz. Lakin illər sonra Brijit müsahibəsində bu faktın yanlışlığını, Emmanuelin sadəcə onun ədəbi dərnəyinə üzv olduğunu bildirəcəkdi. Elə ilk görüşdə müəlliməsinə heyran qalan yeniyetmə, çəkinmədən bildirir ki, böyüyüb onunla özü evlənəcək. Bibi ölkəsinin gələcək prezidentinə rişxəndlə gülərək xoşbəxt ailəsi olduğunu deyir. Buna baxmayaraq, özündən 24 yaş kiçik şagirdi 39 yaşlı müəlliməni ovsunlamağı bacarır. Onlar birgə çox gözəl zaman keçirir, klassik yazıçı və şairlərin əsərlərini müzakirə edirdilər. Bibi Manunun yazı qabiliyyətinə heyran idi və onu vunderkind adlandırırdı. Deyilənə görə, bu gün də Emmanuelin rəsmi nitqlərinin yazılmasında sevimli xanımının böyük rolu var.



Beləcə bir müddət sonra quru-şagird münasibəti aşiq-məşuq pilləsinə ilk addım atır. Hətta 15 yaşlı oğlan sevdiyi qadının rəhbərliyi altında fəaliyyət göstərən teatr dərnəyinə üzv olur. Amma onların məhəbbəti hələ də tam alovlanmamışdı. Emmanuel dərnəyi bitirəndən sonra cütlüyün münasibəti klassik əsərlərdə olduğu kimi məktublar üzərində davam edir. Anası ilə yaşıd ilham pərisi yeniyetmə oğlanı böyük uğurlara ruhlandırırdı. Bu da gələcəyin prezidentinin nə anasının, nə də atasının xoşuna gəlirdi. Fransız yazıçı Anna Feldin "Mükəmməl gənc ər” ("Un jeune homme si parfait") kitabına inansaq, Emmanuelin atası Jan-Mişel Brijitə oğlu ilə görüşmək qadağası da qoyur. Hətta hər iki valideyn müəllimənin qapısına gedib, dəfələrlə dil tökür ki, heç olmasa, həddi buluğa çatanadək oğulları ilə görüşməsin. Sonra isə övladlarını ali təhsil almaq üçün Parisə göndərirlər. Manu getməzdən öncə Brijitə ondan qurtula bilməyəcəyini bildirir və söz verir ki, düz 30 yaşı olanda, qayıdıb onunla evlənəcək.

Qəribə aşiqlər 13 il ərzində əlaqələrini itirmirlər. 2006-cı ildə Brijit fransızlara görə çox ciddi, bizə görə əxlaqsız qərar qəbul edib, əri Ozyerdən boşanır. Bir il ərzində bütün zamanını övladları Sebastyen, Loran və Tifaniyə, həmçinin yeni doğulan nəvələrinə həsr edir. Emmanuel kifayət qədər yaraşıqlı gənc olsa da, onu əhatə edən xanımlarla isti münasibət qurmurdu. Çünki artıq dəqiq bilirdi ki, Bibi doğma şəhərində onu gözləyir. Emmanuellə Brijitin həyatı mümkünsüzü gerçək edən hadisələr əsasında qurulub. Məsələn, gənc yazarlar bilsin ki, Fransanın bugünkü prezidenti bir zamanlar yazıçı olmaq arzusu ilə alışıb yanırdı.



2007-ci ildə Emmanuel boşanmış Brijitə ailə qurmaq təkilfində bulunur. Xanım Tronye bir tərəfdən cavab verməyə tələsməsə də, digər yandan arzularının kişisinin inadına çox yaxşı bələd idi. Odur ki, "hə" deyir. 30 yaşlı Makron bir gündə öz yaşıdları olan 3 uşağın atasına çevrilir. Unutmadan deyim ki, prezident Makron sevimli arvadının 7 nəvəsi qarşısında da babalıq borcunu sevərək yerinə yetirir.

Bu gün dünyanı ən çox düşündürən qlobal məsələlərdən biri də Emmanuellə Brijit arasındakı yaş fərqidir.

Hətta Makron 2017-ci ildə prezident seçkilərində üstünlük qazananda, Fransanın ən qalmaqallı "Charlie Hebdo” jurnalı 39 yaşlı prezidenti və 64 yaşlı xanımı Brijiti ironik şəkildə təsvir etmişdilər. Rəsmdə əlini hamilə arvadının qarnına qoyub gülümsəyən Makron haqqında "O, möcüzələr yaradacaq” cümləsi qeyd olunmuşdu.

Aucune description de photo disponible.

Bu iki ildə "Ebdo" Makron cütlüyü haqda dəfələrlə satirik karikatura paylaşıb. Onlardan biri də Makronun seçki kampaniyasında təsvir edilmiş karikatura idi. Ön planda görünən Brijit gənc ərinə "pişiyim" deyə xitab edərək, səs yağışından qorunmaq üçün islanmayan gödəkçəsini geyinməyi tapşırır.



Bütün tənələrə, iradlara baxmayaraq cütlük ilk 10 illiyini geridə qoyub və hesab edirlər ki, birgə xoşbəxt həyatları hələ indi başlayır.

Amma nə istəyirsiniz düşünün, məncə, Brijitin həyat təcrübəsi, ana qayğısı Emmanueli pis vəziyyətdən az çıxarmayıb. Bu münasibətə tərəf müqabilləri prnsipindən yanaşsaq, ən böyük ağırlıq da Bibinin üzərinə düşür. Müdrik qadın prezident ərini xırda öhdəliklərlə yükləmir, siyasətdə irəliləməsi üçün sabit zəmin yaradır.

Gənc siyasətçi prezident kürsüsünə qalxdığı gündən bəri Madam Makron diqqət mərkəzindən bir addım da olsa, kənara çəkilmir. Məsələn, onun prezidentin rəsmi səfərlərində həyat yoldaşı ilə çiyin-çiyinə addımlayıb, ölkə üçün birinci xanım obrazını tam anlamı ilə yerinə yetirmək istəyi növbəti müzakirəyə səbəb olmuşdu. Belə ki, Brijit protokolun qoyduğu qaydaları pozaraq, prezidenti bütün rəsmi səfərlərdə müşayiət etmək niyyətini irəli sürmüşdü. Rəsmi bəyanatdan sonra "artıq qadınların dövrü başlamalıdır” deyən madam Makrona qarşı hiddətli fikir leysanı yağır. Bir çoxları, onun özünü Fransanın kraliçası zənn etdiyini dilə gətirir, digərləri isə biz sənin özünü yox, ərini prezident seçmişik mesajları göndərərək etiraz səslərini ucaltmağa başlayırlar. Hətta Brijiti Fransanın sonuncu kraliçası Mariya Antuanettaya tay tutanlar da tapılır.



Bu mövzuda ən gülməli fikir isə siyasətçi Gilbert Kollarda aid idi - "Bəli, mən bu hala qarşı çıxmıram, rəsmi səfərlərdə Emmanuelin xanımından iki addım geridə gedərək prezident barmağını əmməsini də təsəvvür edirəm".

Lakin bu qərarda Madam Makronun həmfikirləri də az deyildi. Hətta bir çoxları onu tənqid edənləri köhnəfikirli adlandıraraq, prezidentin nikahını müasir ittifaq adlandırdılar. Çoxsaylı ittihamlara rəğmən, Brijit əlavə vəzifələri olan birinci xanım statusuna yüksəlir, amma gördüyü işə görə maaş almır.

Bir müddət sonra isə ölkənin birinci xanımı vergi ödəyənlərin pulunu havaya sovurduğuna görə tənqidə məruz qaldı. Yelisey sarayının qab-qacağını tamam yeniləmək istəyən Brijitin arzusu xalqa baha başa gəldi. Hələ Jak Şirakın hakimiyyəti dövründə alınan yemək dəstini yeniləmək üçün 50 000 avro pul ödənildiyi vurğulandı.

Napoleondan sonra ölkənin ən gənc lideri Emmanuelə 20 ildən çoxdur ki, aşiq olan Bibi ərinin yeganə qüsurunun ondan 24 yaş cavan olmasında görür.

"Birinci ledi” ifadəsini sevmirəm. Bu söz bizə Amerikadan keçib. Hər dəfə kimsə mənə belə xitab edəndə, üzümü çevirib, kimi çağırırsınız demək istəyirəm. Bəzən eşq hekayəmizi kənardan durub izləyirəm. Bəli, qət etdiyimiz yol sizə çox mürəkkəb gələ bilər, amma bizim eşqimiz çox sadədir. Hər səhər mən üzümdəki qırışlarla, o isə dərisinin təravəti ilə masa arxasında əyləşib səhər yeməyi yeyirik. Axı biz-bir-birimizi xarici görünüşümüzə görə sevmirik..."



Brijitin qızı Tifani müsahibələrində anasına qarşı qısqanclığın paxıllıq mərhələsinə keçməsini, insanların qüsuru kimi qələmə verib: "21-ci əsrdə yaşayırıq, amma siyasətçiyə həyat yoldaşı ilə arasındakı yaş fərqinə görə dəyər verilir. Bu, biabırçılıqdır”.

Manu özü isə bu fakta belə aydınlıq gətirir. "Məsələn, mən öz xanımımdan 20 yaş böyük olsaydım, heç kim qəzəblənməzdi”.

Diqqət etsəniz, Fransua Olland, Nikolya Sarkozi və Şarl de Qoll və onlarla digər ictimai xadim öz xanımlarından 10 yaş böyük idilər.

İstənilən halda Makron öz seçimi ilə daim gənc qızların izi ilə qaçan varlı siyasətçi stereotipini qırmağa nail oldu.

Bilirsiniz də, fransızlar mütaliəni sevən xalqdır. Ona görə hakimiyyətlə hər gələn prezident haqda bioqrafik kitablar, esselər yazılır. Brijit xalqın marağını özünə elə cəmlədi ki, Həyat yoldaşının ilk hakimiyyət ilində onun haqda nə az, nə çox 5 kitab yazıldı.



Bəziləri zarafatla Emmanuelin ilk və son məsləhətçisi Brijitdir deyirlər. Hətta cütlük haqda yazılacaq yeni kitabda belə bir incə məqam var. "Hər axşam birinci ledi ərinə gün ərzində baş verənlərdən xəbər verir. Heç bir xırda məsələ onun diqqətindən yayınmır. O, ərinin ən açıq sözlü və ən vicdanlı dostudur. Brijit olduqca hiper həssas və çevik qadındır. Bəlkə də ərinin ayağını yerə möhkəm basan da onun bu cəhətidir. Makron cəmiyyət tərəfindən anlaşılmayanda, ilk həyəcan təbilini Brijit çalır.

Bu gün Bibi 66 yaşındadır. Onun boyu 1.75 sm, çəkisi isə 50 kq-dır. Xarici görüşünüşünə olduqca önəm verən birinci ledi, bahalı brendləri xüsusən də Dior və Louis Vuitton markalarından geyinməyi çox sevir. Emmanuel də öz növbəsində həyat yoldaşını bahalı hədiyyələrlə sevindirməkdən zövq alır.

Brijit ilk rəsmi öhdəliklər yerinə yetirən birinci ledi statusunun siyasətə qarışmaq niyyətindən yox, sadəcə sevdiyi insana dəstək olmaq istəyindən qaynaqlandığını bildirir.

Melaniya Trampla çox isti münasibətdə olan madam Makron, digər birinci lediləri də alqışladığını və onların xalq üçün yaxşı işlər görməyə can atdıqlarını aydın sezdiyini bildirir.


Brijit ədəbiyyata çox bağlıdır. Oxunma rekordu qıran müsahibələrinin birində klassik yazıçılarla yanaşı Emmanuel Makronun yalnız ona məlum olan "Babilistan, Babilistan” və digər əsərlərini çox sevdiyini vurğulamışdı.

"Emmanuel prezident seçiləndə, mən onu salamlamağa gələn insanlara yox, ərimin üzünə baxıb kövrəldim. Çünki bu zirvəyə çatmaq üçün o, çətin yollardan keçib.”

Bu gün Makron barədə bir çox şayiələr gəzir. Məsələn, Fransa prezidentinin qeyri-ənənəvi oriyentasiyaya mənsub olduğu bildirilir. Makron özü isə bu faktı təkzib etməklə yanaşı, Brijitdən başqa heç bir qadının onu maraqlandırmadığını qəti şəkildə təsdiqləyir. Hətta bir dəfə siyasətçinin onunla yaxın münasibət qurmaq istəyən gənc qızı məhkəməyə verdiyi də bildirilir.


Aralarındakı ciddi yaş fərqinə baxmayaraq, Makron ailəsi planetin ən dəbli cütlüklərindən hesab olunur. Onlar evlənəndə övlad sahibi olmamaq mövzusunda razılığa gəlirlər. Bəlkə də əsl sevgi elə qadının kişini öz övladı kimi qoruyub, dəstəkləməsi, kişinin də əvəzində anasını uğurları ilə sevindirib, onun arzularını gerçəkləşdirməsidir.

Zarafat bir yana, sevginin səbəbi, məqsədi olmur. Eşq gününüz mübarək!

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.