SON XƏBƏRLƏR
21 Fevral 2019
20 Fevral 2019
"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 2 ili tamam olur - VİDEO
CƏMİYYƏT 01:07 / 11.02.2019
Fevralın 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Azərpoçt" MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir. Bu münasibətlə "Şəbəkə"nin rəsmi "facebook” səhifəsində maraqlı müsabiqə keçirilib. Müsabiqədə iştirak edən, mövcud "Şəbəkə" mərkəzlərinin göstərdiyi xidmətlər barədə məlumatlı olan və üç suala doğru cavab yazan ilk beş izləyici qalib elan olunub.

Qaliblər "Şəbəkə"nin ad günündə - yəni, fevralın 10-da xidmət mərkəzinə dəvət olunub, "Azərpoçt" MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılıb. Həmçinin "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara "Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev təşəkkürnamələr təqdim edib.

"Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, hazırda respublika üzrə 9 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir: "Onlardan 6-sı paytaxt Bakıda - dördü Yasamal və Binəqədi, digər ikisi isə Səbail və Xəzər rayonlarında yerləşir. Digər xidmət mərkəzləri isə Cəlilabad, Zaqatala və Sumqayıtdadır. Növbəti "Şəbəkə" xidmət mərkəzinin yaxın vaxtlarda açılması planlaşdırılır. Bu xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Bu ilin ötən dövrü ərzində mövcud "Şəbəkə" xidmət mərkəzlərinə iki milyona yaxın vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən yararlanıb".

G.Gözəlova qeyd edib ki, "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, "Şəbəkə" xidmət mərkəzlərində lokal və beynəlxalq kartların, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir.

Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "Şəbəkə"lərdə "SmartPay" ödəniş sistemi vasitəsilə kommunal, mobil rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftəiçi hər gün, eyni zamanda, şənbə və bazar günləri də xidmət göstərilir. "Şəbəkə" və "Azərpoçt" MMC-yə məxsus 169 "Çağrı mərkəzi" isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edərək cavablandırır. Eyni zamanda, "Azərpoçt" MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə müraciətlər ünvanlana bilər. "Azərpoçt" MMC və "Şəbəkə"yə məxsus "facebook” səhifələrindən də operativ olaraq əlaqə saxlamaq mümkündür.

Şöbə müdiri "Şəbəkə" xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb. O, yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu vurğulayıb.





 

Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.