SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Samir Şərifov: “İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı əldə edilib”
İQTİSADİYYAT 08:32 / 13.01.2019

"Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub”.

"Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. S.Şərifov qeyd edib ki, icmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9%-lik profisit əldə edilib. Maliyyə naziri əlavə edib ki, 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.

"2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951 milyon manat proqnoza qarşı faktiki olaraq 644 milyon manat az olub və ya 307 milyon manatadək daralıb.

Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207 milyon manat, 2017-ci illə müqayisədə isə 378 milyon manat və ya 4,4 faiz çox təşkil edib”, - deyə S.Şərifov vurğulayıb.

Maliyyə naziri qeyd edib ki, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib: "Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur. Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur”.

S.Şərifov bildirib ki, ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. Onun sözlərinə görə, hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.

"Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446 milyon manat təminat yaradılıb.

Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100 və 50 milyon manat vəsait ayrılıb.

Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1 284-ə çatdırılıb”, - deyə S.Şərifov vurğulayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.