SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Bakıda velosiped yolları çəkilir - İdeyadan reallığa
CƏMİYYƏT 17:33 / 21.10.2018

"Yolların çəkilişi üzrə şəraitin yaradılması üçün iş aparılır"


Hər hansı bir şəhərin velosiped yollarına sahib olub-olmaması ciddi mövzudur. Şəhərin velosiped yolları varsa, deməli, həmin şəhərdə ətraf mühitin, infrastrukturun və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilir. Üstəlik tıxacların çox olduğu şəhərlərdə velosiped yolları sakinlərə hərəkət azadlığı verir. Avropanın əksər ölkələrində velosipeddən istifadə geniş yayılıb. Həmin ölkələrdə velosiped sürmək üçün xüsusi yollar var. Dünyada ən çox velosipeddən istifadə edənlər niderlandlılardır. Belə ki, Niderlandda əhalinin 99,1 faizi velosipeddən istifadə edir. Bu statistikada ikinci yeri Danimarka tutur. Bu ölkədə velosiped istifadəçilərinin sayı əhalinin 80,1 faizini təşkil edir. Almaniyada isə əhalinin 75,8 faizi velosipeddən istifadə edir.

Elə bu səbəblərə görə, vaxtaşırı qaldırılan "Bizdə də nə vaxtsa velosiped yolları olacaqmı” sualına cavab məqsədilə əlaqədar qurumun təmsilçisi və ekspertlə görüşüb söhbət etdik.

BNA: Şəhərdə velosipedçilər üçün yolların yaradılması və onların təhlükəsizliyini təmin etmək üçün işlər aparılır

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qəzetimizə açıqlamasında söylədi ki, Bakıda velosiped yollarının yaradılması məsələsi bizim gələcək planlarımız sırasında xüsusi yer tutur: "Hətta bununla bağlı xarici ekspertlərin, eyni zamanda, bizim yerli mütəxəssislərin iştirakı ilə bir neçə dəfə müzakirələr aparılıb. Müəyyən yollarda təhlillər aparılıb. Artıq bu istiqamətdə layihə hazırlanır. Biz istəyirik ki, pilot layihə olaraq Bakı Olimpiya Stadionu, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və Atletlər Kəndini əlaqələndirən bir velosiped yolunun çəkilməsini təmin edək. Bununla bağlı layihə üzərində iş aparılır. Qeyd etmək istəyirəm ki, bu, şəhər yollarında ilk velosiped yolu olacaq. Ümumiyyətlə, şəhər yollarında harada mövcud infrastruktur buna imkan verirsə, həmin yerlərdə velosipedçilərin rahat hərəkət edə biləcəyi yolların çəkilişi üzrə şəraitin yaradılması üçün iş aparılır”.

M.Ağayev qeyd etdi ki, eyni zamanda, Bakı Nəqliyyat Ağentliyi Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə Yasamal Yaşayış Kompleksinin nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri ilə məşğul olur. Həmin yaşayış kompleksində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün xüsusi bir plan hazırlandı. Artıq kompleksin ərazisində həmin planda nəzərdə tutulan elementlər icra olunur. Orada velosiped yolunun çəkilməsi də nəzərdə tutulur. Ona görə də layihənin digər elementləri kimi, həmin velosiped yolunun təşkili də reallaşacaq. Yəni bu, əslində ilk velosiped yolu (yaşayış kompleksi çərçivəsində) olacaq. Velosipeddən istifadə ilə bağlı məsələlərdən danışarkən ən vacib amil bu nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bununla bağlı mövcud dünya təcrübəsi öyrənilir. Məsələn, velosiped sürən şəxsin həm geyimi, həm də eyni zamanda, velosipedlə bağlı tələblər var. Bu məsələlərlə bağlı da iş aparılır”.

Ekspert: Cəmiyyətimiz velosipedçiyə aid qaydalar barədə çox məlumatsızdır

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında paytaxtda indiyədək velosiped yollarının olmamasını bu nəqliyyat növünün cəmiyyət üçün maraqsız olması ilə izah etdi: "Hiss olunan zərurət odur ki, ölkəmizdə velosipedin bir nəqliyyat vasitəsi kimi populyarlaşmasına, təbliğ olunmasına ehtiyac var. Birincisi, bununla məşğul olmaq lazımdır. Hazırda Azərbaycanda çox az sayda adamlar velosipedə nəqliyyat vasitəsi kimi baxırlar. Bizdə velosipedə ya uşaq oyuncağı, ya da ki, müəyyən yerlərdə epizodik hallarda idman aləti kimi baxılır. Məhz belə yanaşmaya görə bizdə velosiped yolları yoxdur və yollarımızda velosiped sürənlərə nadir hallarda rast gəlirik”.

Ə.Hüseynov qeyd etdi ki, məsələ ilə bağlı kompleks işlər görülməlidir, təbliğat aparılmalıdır və yaxşı nümunələr göstərilməlidir: "Tədricən də müəyyən insanlar, xüsusən də yol hərəkətinin təşkili və infrastrukturuna cavabdeh olan qurumlar, onların vəzifəli şəxsləri velosiped yollarının yaradılmasında maraqlı olmalıdırlar. Üstəlik ölkəmizdə velosiped yollarının olmadığı halda bu minik vasitəsilə yola çıxmaq da çox təhlükəlidir. Xüsusilə avtomobil sürücülərinin velosipedlə yanaşı hərəkətə hazır olmaması əsas problemdir. Bütün bu səbəblər bir-biri ilə qarşılıqlı şəkildə bağlıdır. Cəmiyyətimiz xüsusilə velosipedçiyə aid qaydalar barədə çox məlumatsızdır. Amma Avropa və Asiyada (Çin, Yaponiya) velosiped artıq uzun müddətdir ki, real yerdəyişmə vasitəsidir. Həmin ölkələrdə velosipeddən işə, bazara, dükana getmək, işdən gəlmək üçün geniş istifadə edilir”.

Artıq ölkəmizdə ilk və hələlik yeganə milli velosiped brendi olan "İSMA BİKES” velosiped zovodu fəaliyyət göstərir. 2016-cı ildən fəaliyyət göstərən, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub. "İSMA BİKES” velosiped zovodu ildə 20-30 min velosiped istehsal etmək gücünə malikdir. Həmin zavodun brendləri Bakıda 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən "Velotrek”də və daha bir neçə ünvanda satılır. "İSMA BİKES”in istehsalı olan şəhər, dağ velosipedi, şosse, trikinq, qadın, uşaq, e-bike, BMX modellərinin satışı 98 manatla 1986 manat arasında dəyişir. Həmin velosipedlər həm qiymət, həm də keyfiyyət baxımından xarici markalardan üstündür.

Araşdırmalara görə, dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının 20-25 faizi nəqliyyat sektorunun payına düşür. Yuxarıda qeyd etdiyimiz kimi, ətraf mühitin qorunması baxımından velosiped yollarının əhəmiyyəti böyükdür. Bakı şəhərində də velosiped yollarının olması həm paytaxtın infrastruktu, həm də sakinlərin rahatlığı baxımından mühüm addım olacaq. ("İki sahil”)


87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.