SON XƏBƏRLƏR
15 Dekabr 2018
14 Dekabr 2018
Azərbaycanda 7 “ağıllı istixana” quraşdırılır
İQTİSADİYYAT 10:47 / 28.08.2018
"Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən tərəvəz, bostan və kartof bitkilərinin 100-dən artıq sortu yaradılıb, onlardan 65-i isə rayonlaşdırılıb. Kələmin "Azərbaycan”, "Abşeronskaya Ozimaya”, pomidorun "Vətən”, "Leyla”, "Zərrabi”, "Alsu”, badımcanın "Məhərrəm”, "Zəhara”, acı bibərin "Göygöl”, sarımsağın "Cəlilabad”, kartofun "Telman”, "Sevinc”, "Əmiri-600”, qırmızı soğanın "Sabir” və digər tərəvəz bitkilərinin sortları fermerlərimiz arasında çox populyardır”.

Bunu Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

O qeyd edib ki, institutun yeni inzibati-laboratoriya binası tikilib və Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub:

"Müasir avadanlıqlar vasitəsilə torpaq və bitki analizləri aparmaq, pestisid qalığının miqdarını, tərəvəz xəstəliklərinin viruslarını təyin etmək mümkündür. Bitkilərdə baş verən fizioloji proseslərin tədqiq edilməsi, azot və proteinlərin miqdarının təyin olunması, toxumların cücərmə qabiliyyətinin öyrənilməsi, bitkilərin biotexnoloji üsullarla laboratoriya şəraitində yetişdirilməsi, tərəvəzin emalı və saxlanılması istiqamətində analiz və tədqiqatların aparılması məhz bu cihazlar vasitəsilə həyata keçirilir. Eyni zamanda İnstitutumuz tərəfindən Azərbaycanda ilk dəfə istehsal yönümlü kartofun virussuz mini yumrularının laboratoriyada "in vitro” şəraitində əldə edilməsi məqsədilə müasir biotexnoloji laboratoriya yaradılmışdır. Bu ölkəmizdə sağlam kartof toxumunun yetişdirilməsində və kartof toxumçuluğu sisteminin yaradılmasında müstəsna rol oynayacaq və növbəti illərdə ölkənin sağlam kartof toxumuna olan tələbatının ödənilməsində öz töhfəsini verəcək”.

O qeyd edib ki, hazırda istehsalçıların böyük hissəsi yüksək məhsuldarlığa malik hibrid toxumlardan əmələ gələn bitkilərin yetişdirilməsinə üstünlük verir:

"Tərəvəz, bostan bitkilərinin hibrid toxumların istehsalı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi İsrail dövləti ilə əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq çərçivəsində institutun 6.14 hektar sahəsində 7 ədəd ən müasir "ağıllı istixanaların” quraşdırılması başa çatmaq üzrədir. Həmçinin, açıq sahədə becərilən tərəvəzlərin yeni sortlarının yaradılması, toxumçuluğun təşkili üçün 30 hektar ərazidə damla suvarma və yağmurlama sistemləri qurulur. Layihə çərçivəsində ilk dəfə Cənubi Qafqazda tərəvəz toxumu emalı müəssisəsi yaradılıb. "Milli tərəvəz və kartof toxumçuluğu layihəsinin” həyata keçirilməsində əsas məqsəd fermer və sahibkarları keyfiyyətli yerli, xarici toxumlardan qiymətinə görə daha münasib olan tərəvəz, bostan və kartof bitkilərinin toxumları ilə təmin etməkdir.

Qarşımızda duran əsas vəzifə isə dəyişməzdir - ənənəvi sortlarımızın genefondunu qoruyub saxlamaqla yanaşı,  yeni, daha məhsuldar və keyfiyyətli tərəvəz, bostan və kartof bitkilərinin sortlarını yaratmaqdır”.

103 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.