SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
Naxçıvanda müəllimlik imtahanı keçiriləcək
CƏMİYYƏT 13:33 / 18.08.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 17 iyul 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 24 avqust 2018-ci il tarixdən etibarən keçiriləcək.

Məlumata görə, müsabiqəyə 165 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 527 nəfər sənəd təqdim edib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarına əsasən iştirakçıların dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyinin yoxlanılması məqsədilə onların siyahısı komissiya tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinə göndərilib.

Yoxlamanın nəticəsində iki namizədin diplomlarının "Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemində mövcud olmadığı müəyyən edilib. Bununla da, 525 namizəd test imtahanlarına buraxılıb. Test imtahanında iştirakçılara ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim ediləcək, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcəkdir. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcək. İmtahanlarda keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaqdır.

Məlumat üçün bildirək ki, muxtar respublikada ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçiriləcəkdir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi aparılacaqdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim ediləcək. Nəticələr komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdiriləcəkdir. İmtahanlar 12 sentyabr 2018-ci il tarixədək davam edəcəkdir.

84 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.