SON XƏBƏRLƏR
16 Dekabr 2018
15 Dekabr 2018
14 Dekabr 2018
Hiroşimada atom bombardmanının 73-cü ildönümü qeyd olunub
DÜNYA 21:19 / 07.08.2018
Avqustun 6-da Yaponiyanın Hiroşima şəhərində atom bombardmanının 73-cü ildönümünə həsr olunan mərasim keçirilib.

Səhər saat 8:15 dəqiqədə, atom bombasının 1945-ci il avqustun 6-da Hiroşimaya atıldığı anda şəhərin mərkəzində yerləşən Sülh parkında bir dəqiqəlik sükut elan edilib.

Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe deyib: "Yaponiya atom bombardmanını yaşayan yeganə ölkədir və o, nüvə silahının olmadığı dünya naminə çalışmaqda davam edəcək”. Baş nazir qeyd edib ki, Yaponiya gələcəkdə də üç əsas qeyri-nüvə prinsipinə - istehsal etməmək, malik olmamaq və ölkə ərazisinə gətirməmək prinsiplərinə əməl edəcək.

Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreşin iştirakçılara müraciəti də oxunub. Baş katibin müraciətində deyilir ki, nüvə silahına malik ölkələrlə onun olmadığı ölkələr arasında gərginlik artır. Nüvə cəbbəxanası yenilənir və bir sıra hallarda genişlənir. Ötən il nüvə silahının qadağan edilməsi barədə müqavilənin imzalanması bir tərəfdən nüvə təhlükəsinin aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin dəstəyini, digər tərəfdən isə bu məqsədə çatmaq istiqamətində atılan addımların zəifləməsini nümayiş etdirir.

Hiroşima şəhərinin meri Kazumi Matsui mərasimdə "Sülh bəyannaməsi”ni səsləndirərək qeyd edib ki, dünyada 12 min nüvə bombası var. Bu, deməyə əsas verir ki, Hiroşima faciəsi hər an təkrarlana bilər. Bununla əlaqədar o, nüvə silahının ləğvi barədə müqaviləni dəstəklədiyini bildirərək, Yaponiya hökumətini Konstitusiyanın sülhə xidmət funksiyasını saxlamağa və nüvə silahından azad dünyanın qurulması uğrunda mübarizə aparmağa çağırıb. Vurğulayıb ki, əgər insanlar tarixi unutsalar, o zaman faciəli səhv təkrarlana bilər.

Xatırladaq ki, İkinci Dünya müharibəsini daha tez qurtarmağa çalışan ABŞ silahlı qüvvələri 1945-ci il avqustun 6-da Hiroşima və həmin ayın 9-da Naqasaki şəhərlərinə atom bombası atıb. Nəticədə bu iki şəhərdə ümumilikdə 214 min nəfər həlak olub. (AZƏRTAC)

199 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.