SON XƏBƏRLƏR
19 Dekabr 2018
18 Dekabr 2018
28 yaşlı kişi arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma... - Masallıda ŞOK OLAY
KRİMİNAL 17:23 / 29.07.2018

Masallı rayonunda 1990-cı il təvəllüdlü Fariz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər verilir ki, Fariz Əsgərov yaşadığı Masallı rayonu, Təzə Alvadı kəndində həmkəndlisi Davud Rzayevə ağır xəsarət yetirib. Onların arasında mübahisə namus üstündə baş verib.

Arvadı ilə intim əlaqədə oldu

Belə ki, Davud Rzayev Fariz Əagərovun arvadı ilə yaxın münasibət qurub, onunla intim əlaqədə olub. Fariz arvadının Davud Rzayevlə intim münasibətindən xəbər tutub və onunla mübahisə edib.

Gənclərin mübahisəsi sonradan davaya çevrilib. Dava zamanı Fariz Əsgərov həmkəndlisini sifət və baş nahiyəsindən vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib.

İki il islah cəzası

İstintaq orqanı tərəfindən Fariz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Masallı rayon Məhkəməsinin hökmü ilə Fariz Əsgərovun aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.

"Ağır cəza verilsin”

Hökmdən narazı qalan Davud Rzayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, Masallı rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü dəyişdirilməlidir.

Onun qeydlərinə görə, Fariz Əsgərovun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsinə tövsif edilməsi üçün ibtidai istintaqa qaytarılmalıdır: "Fariz Əsgərova həmin maddənin sanksiyası həddində ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza verilməsini istəyirəm”.

Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, o, müstəntiqə hadisə zamanı aldığı xəsarətləri özündə əks etdirən və sübut edən fotoşəkilləri təqdim etsə də, müstəntiq həmin fotoşəkilləri cinayət işinin materiallarına əlavə etməyib.

"Məni beşbarmaqla vurub”

Bundan başqa Fariz Əsgərovun onu beşbarmaqla vurmasını müstəntiqə dəfələrlə bildirsə də, müstəntiq bu barədə heç bir ciddi tədbir görməyib: "Halbuki, həmin soyuq silahın Farizin əlində olmasını hadisəni görən şahidlərin ifadələrində bildirsələr də, müstəntiq şahidlərin həmin ifadələrini dəyişdirib. Məhkəmə isə bu barədə hər hansı tədbir görməyib. Eyni zamanda, məhkəmə cinayət işi üzrə işə baxarkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə razılıq əldə etməməsini nəzərə alaraq ona Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ən ağır cəza verməli olduğu halda, bu halları nəzərə almayıb, ona daha yüngül cəza verib. Bu da onu göstərir ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsiz və qanunsuzdur”.

Zərərçəkmişin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıran zaman prokuror Samir İsmayılov zərərçəkmişin şikayətinə münasibət bildirib. O, apelyasiya şikayətinin dəlillərini qəbul etməyib.

Prokuror: "Maddə düzgün tövsif edilib”

Göstərib ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır: "Məhkəmə ittiham tərəfindən təqdim edilib və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara məhkum edilmiş şəxs Fariz Əsgərovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökm çıxarıb. Məhkum edilmiş şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilib”.

Prokurorun sözlərinə görə, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş islah işləri cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmayan ədalətsiz cəza olub: "Təyin olunmuş cəza sosial ədalətin, yəni zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası baxımından açıq-aydın yüngül cəza olub, ona görə də xahiş edirəm ki, apelyasiya şikayəti qismən təmin olunsun”.

6 ay həbs

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib. Qərara görə, Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Fariz Əsgərov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli 21 iyul 2018-ci ildən hesablanması qərara alınıb.

Məhkəmə Fariz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçib. O, məhkəmə zalından dərhal həbs edilib.


186 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.