SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
AZADLIQ FƏDAİSİNDƏN ÇAĞIRIŞ XARAKTERLİ BƏYANAT - DÖVLƏTİMİZİ, DÖVLƏTÇİLİYİMİZİ QORUYAQ!
MÜSAHİBƏ 12:53 / 16.07.2018

Nəsir Ağayevin, Gəncə hadisələrinin yaratdığı narahatlıqlara köklənən bu Bəyanatı da, sanki Meydan Hərəkatı zamanı onun insanlara ilham və ruh verən o vaxtkı çağırışlarındandır
"Azərbaycanımızın qeyrət qalası, ilk istiqlal paytaxtımız Gəncə şəhərində baş verən son hadisələr, sonsuz bir sevgiylə Vətəninə bağlı olan, dövlətini və dövlətçiliyini bütün həyat şirinliklərindən yüksəklərdə tutan Vətən övladı kimi, məni olduqca narahat edib, qəlbimi göynətməyə bilməzdi. Heç şübhə etmirəm ki, bu iyrənc hadisələr dövlətin, dövlətçiliyin nə olduğunu bilən, onun müqəddəsliyini hər bir dəyərdən üstün tutub, bunu özləri üçün şərəf məsələsi olduğunu dərk edən hər bir Azərbaycan vətəndaşını da ruhən sarsıdıb. Ümumiyyətlə, illər, əsrlər öncə öz nüfuzlu xanlıqlarının süqutu ilə böyük dövlətçilik ənənələri əlindən alınan, lakin ölçüyəgəlməz əzab-əziyyətlər hesabına öz müstəqilliyinə yenidən qovuşan Azərbaycan dövlətinin özü üçün, belə hadisələrin daha acı və ağrıdıcı fəsadları olub həmişə...".

Şüurlu həyatının böyük hissəsini təmənnasız olaraq bütöv Azərbaycan savaşına həsr etməklə, nəsillərə örnək həyat yolu keçən, Milli Azadlıq Hərəkatımızın öncül liderlərindən biri olmağı bacaran, ürəyini çırağa çevirib, xalqının mübarizə yoluna tutmaqla, ona istiqamət verən, adını İstiqlal, Müstəqillik Tariximizə qızılı hərflərlə əbədi həkk etdirən, həyatını, canını və sağlamlığını belə Vətən, Millət, Xalq yolunda xərcləməkdən rahatlıq tapan fədakar insan, böyük şəxsiyyət Nəsir Zərbəli oğlu Ağayevin Gəncə hadisələri ilə bağlı ictimaiyyətə ünvanladığı Bəyanatı bu sözlərlə başlayır. Bu Bəyanat, həm də ölkənin ikinci şəhərindən gələn ardıcıl terror xəbərlərinə seyrçi qalmayan bu nəcib insanın üzləşdiyi siyasi gərginlik mühitində qəlbinə hopan milli ruhunun narahat təzahürlərini üzə vurur. Bəyanat sanki onun insanlara ilham və ruh verən o vaxtkı çağırışlarındandır: "Mən həmişə demişəm ki, dövlətimizi qorumaq lazımdır, ayrı-ayrı fərdləri yox – onların mənafeyi, ümumxalq mənafeyi demək deyil. Hakimiyyət tərəfindən Gəncə rəhbəri indiyədək qorunmamalı, o, tutduğu vəzifədən çoxdan uzaqlaşdırılmalıydı. Onun və onun kimi yüzlərlə harın məmurların qanunsuz hərəkətləri barədə, mənim də çox açıqlamalarım olub. Nə olsun, eşidən tapılmayıb; Bu biganəliyin acı nəticələri isə, göz qabağındadır. Bu olayları, birbaşa müstəqilliyımizi gözü götürməyən xarici şər qüvvələrin adıyla bağlayardım. Bu hadisələr məhz onların məkrli planlarına uyğun olaraq reallaşdırılıb - Azərbaycan imicinə xələl gətirmək üçün. Lakin onlar bu iyrənc hərəkətlərini ölkəmizdə ictimaiyyətin hədsiz narazılığına səbəb olan məmur özbaşınalığı, biganəlik, ictimai nəzarətsizlik, uzun illər yüksək vəzifələrdə oturaraq oliqarxlaşan, rüşvət və korrupsiya bataqlığında boğulan vəzifə sahiblərinin qanun çərçivəsinə sığmayan hərəkətləri ilə pərdələyirlər. 
Bütün bunlar, Vətən, xalq azadlığı uğrunda mübarizəyə könül verməkdən daim rahatlıq tapan bir vətəndaş kimi, məni hədsiz narahatlıq sindromu ilə üz-üzə qoyub. Mən, həm də ona görə olduqca narahatam və hədsiz təəssüf hissləri keçirirəm ki, nə ölkənin hakim komandasında təmsilçisi daha çox olan bir siyasi qurum, nə də müxalifət partiyaları və təşkilatlar bu hadisələrin düzgün dolğun qiymətini verən açıqlamalarla çıxış edib, sülhsevər bəşəri qüvvələrin diqqətini Azərbaycana cəlb edə bilmədilər. Siyasi düşmənçiliyə, qərəzə və yalana köklənən müraciət və bəyanatların zərbəsi isə, yenə Azərbaycana dəydi. Halbuki belə hadisələrin bizə düşmən qüvvələr tərəfindən süni şəkildə yaradılmasını və bundan istifadə edərək, onların ölkə daxilində narazılıqlar, çaxnaşmalar yaratmaq istədiklərini ictimaiyyətin diqqətinə düzgün çatdırmaqla, istər iqtidarı, istər müxalifəti təmsil edən siyasi qurumlar, xalqın dəstəyi ilə, belə təxribatların qarşısını vaxtında ala bilərlər. Mən, ona da çox təəssüflənirəm ki, indi Azərbaycanın ictimai-siyasi mühitində müxalifət anlamı unudulmaq üzrədir, çox adam ana müxalifət anlamının mənasını belə bilmir. İctimai-siyasi mühitdəki anarxiyanın acı nəticələri isə, göz qabağındadır. 
Ailə mənafeyimdən daha çox milli dövlət, xalq mənafeyini, ölkəmin müstəqilliyini ciddi düşünən, bütün bunlar naminə şəxsi rahatlığımın, sağlamlığımın belə qeydinə qalmayan bir istiqlalçı olaraq, mənim milli dövlətimizin taleyi ilə maraqlanmağa, bu barədə danışmağa daha çox mənəvi haqqım var. Stabilliyimizi və birliyimizi pozmağa çalışanlar mənim əsas düşmənlərimdir. Biz azadlıq fədailəri Sovet imperiyasının qanun və xalq adından törətdiyi qatı cinayətlər, ağlasığmaz cəzalar dövründə fədakarcasına həmin əzazil rejimə qarşı çıxıb, bu dövləti ona görə qurmadıq ki, hər bir kreslo sahibi onun adıyla öz mənafeyinə uyğun istədiyi ağlasığmaz bəd niyyətini reallaşdırsın.
Nesir-a0020.jpgBu acı reallıqlardan doğan zərurət, bu suallara cavab tapmaq yanğısı məni məcbur edir ki, Bakı və Kəndlər Birliyini keçmişinə qaytarım - cəmiyyət qarşısında kəsərli söz demək üçün! Çünki ölkəmizin müstəqilliyinə və azadlığına böyük töhfələr vermiş bu qurumu yaratmaqla, mən, milli mənafe naminə çox işlər görmüşdüm. İndiki gərgin siyasi durumda Azərbaycan dövlətinin belə bir quruma ehtiyacı böyükdür.
Yəqin, o dövrlər Bakı və Kəndlər Birliyinin həyat üçün önəmli hansı zəruri işləri gördüyünü yaxşı xatırlayırsınız. O dövrün dəyərli prizmasından yanaşanda, BKB-nin onda hansı önəmli işlər gördüyü göz önünə gəlir. Doğrudan da, ətrafında birləşdirdiyi minlərlə üzvü hesabına bu nüfuzlu təşkilat müstəqil Azərbaycan quruculuğunda effektiv rol oynadı. Təpədən dırnağa qədər türkçü olan, mayası Vətən və Millət sevgisi ilə yoğrulan əzabkeş və mətin bu insanlar – əsl inqilabçılar və gerçək patriotlar - haqq və ədalət üçün mübarizə əzmkarlıqlarını bu gün də itirməyiblər. Elə, onların istəyi ilə də, BKB-ni bir daha aktiv fəaliyyətə qaytarmaq vacibdir. Onların milli dövlətimizin indiki xoşagəlməz problemlərinin, bizi haqlayan təhlükələrin təcili aradan qaldırılması üçün təklifləri belə, ilk andaca ağlabatan olur. 
Niyə, təməli möhkəm qoyulan Azərbaycanımız problemlər məngəsində çabalamalı, xoş gələcəyinə uzanan yolunda büdrəməlidir. Cəmiyyəti olduqca narahat edən təsəvvürəgəlməz məmur özbaşınalığı, ağlasığmaz haqsızlıq barədə eşitdiyimiz saysız-hesabsız xəbərlər qulağımızın tıxacına çevrilib. Mən həmişə demişəm ki, bizdə, sanki "iqtidar - hakimiyyət” cütlüyü ayrıdır, "dövlət - cəmiyyət” cütlüyü ayrı! Nə şikayətləri eşidən var, nə də şikayətçi camaatın dərd-sərinə acıyan. Axı, ailəsi, ətrafı üçün bütün həyatı tələbatlatını artıqlaması ilə yerinə yetirməyə köklənən rahat kreslo sahiblərindən bundan artıq nə gözləmək olar?!
Ədalətsizlik, haqsızlıq, qanunsuzluq... pik həddinə çatıb. Bu biabırçılıqlar isə, rayon və şəhər rəhbərlərinin, harın məmurların bağışlanmaz günah və təqsirləri ucbatından yaranır. Yuxarıların bu qanunsuzluğa, bu özbaşınalığa niyə reaksiyası olmur, başa düşülən deyil. 
Əksər başçıların, "qılınclarının qabağı da kəsir, dalı da”. 
Bu biabırçılıqlar, mənim kimi, bu gün ləzzətini dada-dada yaşadıqları azadlığı həmin harın məmurlara qazandıran, bu yolda hər şeylərini təmənnasız olaraq fəda edən, hazırda isə, unudulan bütün əski inqilabçıları da olduqca narahat edir, bu ədalətsizliyin, bu qanunsuzluğun səbəbini heç cür anlaya bilmirlər. 
Mən həmişə demişəm ki, Azərbaycanın problemləri fəzadan görüntüsü qədərdir, çoxu biabırçılığa bərabər. Fəsadlarının acı nəticələri isə, göz qabağında - bir neçə gündə Azərbaycan ağlagəlməz bəlalarla üzləşir. Öncə ölkə günlərlə işıqsız qalır, daha sonra böyük bir şəhərində ardıcıl iki terror hadisəsi reallaşdırılır.
Azərbaycanı istəməyən xarici kəşfiyyat gücləri tərəfindən dövlətçiliyimizə, onun artan gücünə və dövlət atributlarımıza qarşı istiqamətlənmiş bu olaylara nə ad vermək olar?! Belə biabırçılıqlara dini "don geydirilməsi" isə, əsl biabırçılıqdır". 
Nəsir bəy öz Bəyanatında onu da xüsusi vurğulayır ki, namərd və xəyanətkar güclər düşünməsinlər ki, bu iyrənc hərəkətləri ilə, dövlətimizi, dövlətçiliyimizi və millətimizi sarsıdacaqlar. Çünki kimliyindən və dünya baxışından, eləcə də üzləşdikləri olmazın sosial problemlərdən asılı olmayaraq, bütün vətəndaşlarımızın amal və əqidə yolları həmişə dövlətimizin, dövlətçiliyimizin və bizə bu strateji hədəfləri göstərən siyasi güclərin ətrafında sıx birliyindən keçir: "Bu gün də, millət olaraq, bir olmağa köklənmişik. Çünki hamımız anlayırıq ki, artıq çox məkrli düşmənlərin əhatəsindəyik. Bütün bunları nəzərə alaraq, dövlətimiz və dövlətçiliyimiz naminə sıx birləşməyi, düşmənlərimizə əsla fürsət verməməyin yollarını düşünməyi də, qarşımıza əsas məqsəd kimi qoyuruq.
photo_23505.jpgMən bu ağır günlərdə, böyük dövlətçilik sevgisi olan insanları milli mənafelərimiz naminə sıx birliyə, müstəqilliyimizin və dövləti gücümüzün göz bəbəyi kimi qorunmasına səsləyirəm. Ən vacibi, xalqın övladlarını təxribatçılara dəstək verməməyə və onlardan uzaq durmağa çağırıram". 
Vətən, xalq azadlığı uğrunda mübarizəyə könül verməkdən daim rahatlıq tapan, hələ ötən əsrin 60-70-ci illərindən Quzey Azərbaycanın azadlığı və müstəqilliyi ideyasına inanan, Kreml qılıncının kəsərli çağlarında belə bu çətin mübarizədən çəkinib, əqidəsindən dönməyən, başına gətirilənlərdən bezib, günü bu günədək milli mənafe dəyərli ictimai-siyasi fəaliyyətindən kənarda qalmayan Azərbaycan Milli Azadlıq Hərəkatının əvəzolunmaz liderl, yorulmaz ziyalımız öz Bəyanatını bu sözlərlə bitirib: "Mən, həmişə Azərbaycanımızın inkişafı və müstəqilliyimizin daha da dərinləşməsi uğrunda mübarizə aparmış, bunlar naminə fəaliyyətimi günü-gündən genişləndirməyə çalışmışam. Fəal siyasətçi olaraq, bir daha qeyd edirəm ki, müstəqilliyimiz möhkəmləndikcə, Azərbaycan dövlətinin beynəlxalq aləmdəki siyasi nüfuzu artdıqca, ölkəmizə olan basqılar daha da güclənir. Dünya siyasətindəki ikili standartlar çərçivəsində torpaqlarımızın işğalı da, cəmiyyətimizdəki radikal ünsürlərin aktivləşməsi də təsadüfi olmur; Bütün bunlar dövlətimizin düşmənləri tərəfindən süni şəkildə yaradılan böyük məkrli siyasətin tərkib hissəsidir. Və bütün bunlara görə, mən həmişə çox narahat olmuşam - eynən indiki kimi. İndi də, dövlətimizə basqılar çoxalıb, böyük güclərin Azərbaycana təsiri daha da intensivləşib. Belə bir vəziyyətdə, nəinki ölkəmizin və dövlətçiliyimizin inkişafı naminə mübarizəyə qoşulmaq, həm də bu mübarizənin ön sıralarında olmaq hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır. Belə bir gərgin dövrdə də, yaxın tariximizdə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə mühüm rol oynamış, böyük mübarizə əzmi və ləyaqət nümunəsi göstərmiş Bakı və Kəndlər Birliyinin yaradıcısı və ilk sədri kimi, mən, yenə də, Azərbaycanın dövlətçiliyi və onun inkişafı uğrunda mübarizəmi davam etdirir və bildirirəm ki, bu yoldan heç vaxt dönməyəcəyəm. Bir daha bəyan edirəm ki, respublikamızda, ələlxüsus Bakı şəhərində və ətraf kəndlərdə stabilliyi və birliyimizi pozmağa çalışan qüvvələr, ölkəmizdə aparılan daxili və xarici siyasətə qarşı açıq və gizli şəkildə təxribat törətmək istəyənlər qarşılarında daim məni, ətrafımdakı mənə güvənən və inanan Meydan Hərəkatından ruh almış minlərlə insanı görəcəklər. 
Biz istəyir və tələb edirik ki, Gəncədə baş verən xöşagəlməz proseslərə yol açan biganəlik, ictimai nəzarətsizlik, uzun illər yüksək vəzifələrdə oturaraq, oliqarxlaşan, xalqın etimadından şəxsi məqsədləri üçün istifadə edən, rüşvət və korrupsiya bataqlığında boğulan vəzifə və səlahiyyət sahiblərinin qanun çərçivəsinə sığmayan hərəkətləri tezliklə aradan qaldırılsın. Çünki onların bu əməlləri, həm də "düşmən dəyirmanına su tökmək" deməkdir. Mənim əsas istəyim də onunla bağlıdır ki, xalqı narazı salan kreslo sahiblərinin, harın məmurların erasına son qoyulsun. Axı, onlar da dövlətimizin, dövlətçiliyimizin düşmənidirlər. 
Mən qəti əminəm ki, tezliklə ölkəmizdə bürokratik əngəllər aradan qaldırılacaq, korrupsiya və digər neqativ hallara qarşı amansız mübarizədə qətiyyət öz sözünü deyəcək.
Tarixin belə bir həssas məqamında ölkəmizdəki demokratik məramlı qurumların hamısının bir olmaları vacib, onların belə iyrəncliklərlə birgə mübarizəyə qoşulmaları gərəkdir. Dövlətçiliyimiz naminə görülən işlərin önündə olmaq hər bir Azərbaycan vətəndaşının borcudur, çünki baş verən ictimai-siyasi hadisələrin aktiv iştirakçısına çevrilmək xoş gələcəyimizin təminatıdır". 


1679 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.