SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
“O səhvləri buraxan məmurlar işdən qovulub” – Prezidentdən xəbərdarlıq
CƏMİYYƏT 10:14 / 10.07.2018

Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik"

Bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Ölkə başısı bildirib ki, son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur:

"Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıbdır. Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilmişdir. İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim".

Prezident əlavə edib ki, rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar:

"O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar".

77 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.