SON XƏBƏRLƏR
19 Sentyabr 2018
18 Sentyabr 2018
17 Sentyabr 2018
“Seçim Ermənistan tərəfdədir” - Bakıdan İrəvana mesaj
SİYASƏT 11:57 / 09.07.2018
"2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin”.

Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov AzərTac-a müsahibəsində bildirib. Onun sözlərinə görə, göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi:

"Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər”.

E. Məmmədyarov bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

Nazir bildirib ki, iyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək: "Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox”.
61 dəfə oxunub
Regioninfo.az © 2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.