SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Bu, YAP-ın yox, Siyavuş Novruzovla Eldar İbrahimovun şəxsi mövqeyidir - Deputat AÇIQLADI
SİYASƏT 15:45 / 10.09.2019
"Siyavuş Novruzov və Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunsalar da onların səsləndirdiyi fikirlər partiyanın yox, öz şəxsi mövqeləridir”.

Publika.az
-a açılamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, YAP kollegial qərar qəbul edən təşkilatdır, partiyanın ümumi mövqeyi qurultayın, konfransların, İdarə Heyətinin qərarları ilə qəbul olunur: "Bununla yanaşı, sədr partiyanın mövqeyindən danışa bilər, yaxud sədrin tapşırığı ilə müavinlər ümumi mövqe sərgiləyə bilərlər. Partiyanın digər mənsubları yalnız öz adlarından danışmaq hüququna malikdir”.

Siyasi Şuranın üzvü qeyd edib ki, YAP kifayət qədər demokratik mühiti olan partiyadır.

"Partiyamızda fikir plüralizmi mövcuddur, hər kəs öz fikrini bildirmək hüququna malikdir. Lakin hər hansı tənqid də ünvanlı olmalıdır. Əgər tənqid edirlərsə, konkret ad çəkməli, hər kəsə şamil etməməlidirlər. Yeni Azərbaycan Partiyasının yüksək vəzifələrdə işləyən, nazir, deputat, yaxud icra başçısı olan üzvləri var. Onlardan kiminsə vəzifədən getməsi təbii prosesdir. Partiyamız 25 ildən çoxdur ki, iqtidardadır. Partiyanın icra katibi Əli Əhmədov da doğru ifadə etdi ki, kimsə öz fəaliyyətində cinayət xarakterli səhvlərə yol verməyibsə, vəzifəsindən asılı olmayaraq, partiya ilə yolu davam edir. Vaxtilə nazir olan bu gün müəllimdir, vaxtilə millət vəkili olanlar bu gün həkim, icra başçısı olanlar bələdiyyə üzvləridir, yaxud da işsizdir. Kimsə partiyanı vəzifəsinə görə yox, ideologiyasına görə dəstəkləyir. Heydər Əliyevin siyasi kursuna sadiq olan hər kəs bu gün partiyamızda təmsil olunur. Prezidentin köməkçisi Əli Həsənov da bəyan etdi ki, səslənən fikirlər onların şəxsi fikirləridir, partiyanın mövqeyini əks etdirmir”, - deyə o bildirib.

M.Quliyev hesab edir ki, bu məsələnin müzakirəsinin cəmiyyətə heç bir xeyri yoxdur: "Radikal müxalifətin, Azərbaycana qarşı barışmaq mövqe tutanların deputat həmkarlarımızın uğursuz, yaxud düşünüb-daşımadan işlətdikləri sözləri günlərdir çək-çevir etməsi ictimai sabitliyə qarşıdır. Buna görə də hesab edirəm ki, hər birimiz düşünüb danışmalı, məsuliyyətimizi dərk etməliyik”.

Milli Məclisin üzvü məlum fikirlərdən sonra YAP, eləcə də hakimiyyət daxilində ziddiyyətlərin olması, parçalanmaların baş verməsi haqda ortaya atılan iddialara da münasibət bildirib.

"Yeni Azərbaycan Partiyası monolit partiyadır, 700 mindən çox üzvü var və hər kəs Prezidentin siyasi xəttini, partiya qurultaylarının qəbul etdiyi qərarları dəstəkləyir. Gələn il parlament seçkiləri keçiriləcək, bu ilin sonunda isə bələdiyyə seçkiləri olacaq. Adətən seçki ərəfəsində siyasi mühitdə istilənmələr olur, bəzən kimlərinsə temperaturu qalxır, ona görə də belə iddialar ortaya atırlar. Lakin bu iddialar o demək deyil ki, Yeni Azərbaycan Partiyasında gərginlik, yaxud parçalanmalar var. Bunun işartıları belə yoxdur. Sadəcə olaraq, partiyada hər kəsin öz fikrini azad, sərbəst qaydada ifadə etmək haqqı var. Təbii ki, bu fikirlər partiyanın ümumi xəttinə ziddirsə, yaxud dövlətçiyə qarşıdırsa, lazımi addımlar atılır. Əvvəllər də belə hallar olub. Partiyasının Siyasi Şurasında, İdarə Heyətində bəzi üzvlər haqqında sərt qərarlar qəbul olunub. Bu, normal prosesdir. Lakin "YAP-da parçalanma var" demək yalnız Azərbaycanı sevməyənlərin işi və arzusudur. YAP Heydər Əliyev ideyalarının ətrafında formalaşan, Prezident İlham Əliyevin siyasəti ilə möhkəmlənən partiyadır. Partiyamız həm Asiya, həm Avropanın ən böyük partiyaları, partiya qrupları ilə əməkdaşlıq edir. Bu gün partiyanın 20 nəfər fəal üzvü Çin Kommunist Partiyasının dəvəti ilə Pekinə yola düşəcək. Bu yaxınlarda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransına (İCAPP) ev sahibliyi etdik. Belə güclü partiyanın içində fikir ayrılığı, yaxud parçalanmanın olduğunu demək reallığa uyğun deyil”
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.