SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
CƏMİYYƏT 14:08 / 06.09.2019

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli iclas iştirakçıları! Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün dövlətlərin milli maraqları və davamlı inkişafı baxımından son dərəcə vacibdir. Regional, hətta qlobal xarakterli təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi zəruridir".

Dövlət başçısı vurğulayıb ki, qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır:

"Müxtəlif formatlarda həyata keçirilən əməkdaşlığımız qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərimizin birləşməsinə yönəlmişdir.

Dövlətlərimizin üzləşdiyi risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır. Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir".

İlham Əliyev əmin olduğunu bildirib ki, bu iclas tərəfdaş qurumlar arasında təcrübə mübadiləsi və analitik-informasiya dəstəyi üçün əlverişli şərait yaradacaq və bununla da beynəlxalq təhlükəsizliyin təmin edilməsinə töhfə verəcək:

"Bir daha sizi Azərbaycanda salamlayır, işinizdə uğurlar arzulayıram".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.