SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakı ən təhlükəsiz şəhər kimi: Azərbaycan risk mənbəyi hesab olunmur - ŞƏRH
CƏMİYYƏT 12:57 / 30.08.2019

Bakının dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilməsi iqtisadi sabitlik, biznes mühitinin inkişaf etdirilməsi, əhalininin sosial rifahı, investisiyanın cəlb edilməsi baxımından çox ciddi göstəricidir.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov "The Economist Intelligence Unit" və "The Economist" nəşrləri tərəfindən tərtib edilən illik hesabatı şərh edərkən deyib.

Onun sözlərinə görə, Bakının beynəlxalq reytinqlərə düşməsi daha çox turizm kontekstindən əhəmiyyətlidir.

Ekspert bildirib ki, beynəlxalq reytinqlər hazırlanarkən bir neçə kateqoriya üzrə təhlillər aparılır. Bunlardan biri də təhlükəsizlik məsələsidir:

"Azərbaycanın bu kontekstdən reytinqinin möhkəmlənməsi ölkəyə cəlb edilən turistlərin sayının artmasına da öz müsbət töhfəsini verə bilər".

R.Həsənov Bakının səhiyyənin təhlükəsizliyi kateqoriyası üzrə reytinqdə yer almasını da şərh edib:

"Burada "səhiyyə təhlükəsizliyi" deyilərkən, daha çox sağlamlıq və ekoloji mühit nəzərdən keçirilir. Düzdür, səhiyyə sahəsində müəyyən problemlər var, amma Azərbaycanda epidemiyalar və digər ağır yoluxucu xəstəliklər yoxdur.

Bundan başqa, geni modifikasiya olunmuş məhsulların gündəlik istehlak həcmi azdır. Su ilə təchizat sistemimiz bir sıra ölkələrlə müqayisədə, daha yaxşıdır. Bu məqamlar ümumi göstəricilərə təsir göstərir. Bəzi ölkələrə isə səfər edərkən mütləq müxtəlif epidemiyalar əleyhinə vaksin tələbi ortaya qoyulur. Yəni Azərbaycan risk mənbəyi hesab olunmur".

Qeyd edək ki, Bakı "The Economist Intelligence Unit" və "The Economist" nəşrlərinin illik hesabatında Bakı ən təhlükəsiz şəhərlər siyahısına salınıb.

Ekspertlər siyahını hazırlamaq üçün dünyanın 60 böyük şəhərini 57 müxtəlif göstərici (rəqəmsal təhlükəsizlik, səhiyyə və infrastrukurun təhlükəsizliyi, şəxsi təhlükəsizlik və s.) əsasında təhlil ediblər.

Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqinə Tokio başçılıq edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq, Sinqapur, Osaka, Amsterdam və Sidney tuturlar.

Bakı 56,4 balla 49-cu mövqedə qərarlaşıb.

Azərbaycan paytaxtı rəqəmsal təhlükəsizlik üzrə 46-cı, səhiyyənin təhlükəsizliyi üzrə 41-ci, infrastruktur təhlükəsizliyi üzrə 54-cü, şəxsi təhlükəsizlik üzrə isə 49-cu pillədədir.

Qeyd edək ki, reytinqdə MDB ölkələrinin şəhərlərindən yalnız Moskva və Bakı şəhərləri yer alıb.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.