SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
İlham Əliyevdən Şeyxülislama yubiley təbriki: İlklərə imza atmısınız
CƏMİYYƏT 12:16 / 26.08.2019

Prezident İlham Əliyev Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Bundan başqa, İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli Şeyx həzrətləri,

Sizi anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı Siz həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmisiniz. Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində səmərəli xidmətlər göstərmisiniz.

Siz bütün həyatınız boyu cəmiyyətdə yüksək əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olması yolunda əzmlə çalışmış, xalqımızın mənəvi sərvətlərinin qorunub saxlanması istiqamətində uğurlu fəaliyyət göstərmisiniz. Şeyxülislamlıq fəaliyyətiniz dövründə bir sıra ilklərə imza atmısınız.

Xüsusilə müqəddəs kitabımız Qurani-Kərimin tərcüməsinin təşkil olunması və nəşr edilməsi, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi, ölkəmizdə vəhdət namazı ənənəsinin dirçəldilməsi məhz Sizin adınızla bağlıdır. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşmasına verdiyiniz töhfələr də danılmazdır.

Sizin fəaliyyətinizdə təkcə Azərbaycanın deyil, həm də dini lideri olduğunuz bütün Qafqaz müsəlmanlarının problem və qayğılarının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm yer tutur. Siz daim müsəlman həmrəyliyi prinsiplərindən çıxış edərək İslam dünyasında törədilən qanlı hadisələrə öz etirazınızı bildirmiş, müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və böyük dövlətlər qarşısında məsələ qaldırmış, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində ardıcıl fəaliyyət göstərmisiniz.

Müxtəlif konfessiyaların liderləri arasında böyük nüfuza malik şəxs kimi Siz bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunur, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun dərinləşməsinə sanballı töhfələr verirsiniz.

Hörmətli Şeyx həzrətləri,

Bu əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, nəcib və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.