DCİYXəbərlər

Türk Birliyi qurulmalıdır – Əsgər Məmmədov

Dövlət çevrilişləri siyasət tarixinin böyük bir hissəsini təşkil edir

Dövlət çevrilişləri siyasət tarixinin böyük bir hissəsini təşkil edir. Bunların bir hissəsi müvəffəqiyyətlə nəticələnib, bir hissəsi uğursuzluğa düçar olub, bir hissəsi isə sadəcə plan şəklində yazı halında qalıb.  Dövlət çevrilişləri müxtəlif formalarda olsa da onları eyni məqsəd birləşdirib – gücə sahib olmaq. Və həmçinin xalq üçün gətirdikləri nəticələr də eynidir – ölkə içində artan terror və cinayətlər, ölüm, dağıntılar, həbslər, sürgünlər, ayrılıqlar və kədər. Ölkədə insan haqqlarına dəymiş böyük zərəri və insanların cəmiyyət içərisində dövlətə, hətta bir -birilərinə olan güvəninin qırılmasını da bu sıraya yazsaq haqsız olmarıq. Tarixə baxarsaq Roma imperatoru Yuli Sezar da dövlət çevrilişi nəticəsində taxtdan endirilmişdir. Xalqı, dövləti üçün əvəzolunmaz bu sərkərdə mənfurcasına iqtidardan uzaqlaşdırılmış yeganə şəxs deyil. Dövlətin, xalqın, ən adi halda bir toplumun məhv edilməsi üçün onun ilk növbədə  rəhbərinin “aradan qaldırılması”nın vacibliyini bilən güclər prosesi tarix boyu sürdürüb və  hazırda da davam etdirirlər.

Yaxın keçmişə nəzər salsaq Şərqin müsəlman dövlətlərində dövlət başçısını xalqın düşməni kimi qələmə verərək yerlə yeksan etdikləri ölkələrin sayı təssüf ki, bir deyil. Məqsəd eyni, nəticə isə dağılan ölkə və dağılan (zamanla silinən!) xalq olaraq qalır. 2016-cı ilin iyul ayında Fransanın Nitsa şəhərində baş verən terrorda 80 adamın dünyasını dəyişməsinə bütün dünya ayağa qalxdı. Halbuki, təkcə Suriyada 470 mindən çox insan dünyasını dəyişmişdir. Dünyaya insan haqqları deyə səs salan ölkələrdən heç biri bu 470 min insan üçün niyəsə “narahat ola” bilməmişdirlər. Nəticə olaraq vəziyyət o yerə çatıb ki, bu ərazilərdə insan ölümü xəbəri gündəlik, adi bir təbiət hadisəsi kimi qarşılanır.  Bəli məhz budur qərbin müsəlman ölkələrinə gətirmək istədikləri “azadlıq”, “demokratiya”!

Bu gün Şərqdə öldürülən insanlardan daha çox bir ad hegamon dövlətləri narahat edir – Türk! Müsəlman olması ilə yanaşı həm də türklərin – tarixin uzun bir kəsiyində dünyanın digər bütün xalqlarını qula çevirmiş türklərin ölkəsindən biri olan Türkiyədə də dövlət çevrilişlərinin yetərli qədər sayı vardır. Ən sonuncu 15 iyulda baş verən hərbi çevrilişə cəht, ardınca Qazaxıstanda baş verən atışma  isə tək Türkiyə və Qazaxıstan üçün yox bütün türk dövlətləri üçün oyanış, birliyə çağırış siqnalı olmalıdır. Artıq hegamon dövlətlərin hədəfindəkilərin tək müsəlmanlar deyil, həm də türklərin olmasına bu açıq mesajdır. Düzdür hər iki hadisə uğursuzluğa uğrasa da heç kim əmin edə bilməz ki, bundan sonra bu kimi hadisələr təkrarlanmayacaqdır. Və bu gün biz dövlətimizin, xalqımızın sağlam gələcəyini istəyiriksə bütün dünya türkləri olaraq müdafiə olunmaq üçün gün gözləməməliyik, əksinə daim hücuma hazır vəziyyətdə dayanmalıyıq. Türk dünyasına gətirilməyə cəht edilən “ərəb baharı”nın 15 iyulda Türkiyədə uğursuz alınnması bizi əmin etməməlidir və hər daim bu prosesin yenidən təkrarlanmaması üçün hazır olmalıyıq. İstər siyasi, istər iqtisadi, istər hərbi, istər mədəni, istər elmi cəhətdən türklər yenə də dünya lideri ola bilərlər – bütün dünya türkləri birləşdiyi halda.

Bir tərəfdə Amerika, qərbdə Avropa Birliyi, Şimalda Rusiya kimi dağıdıcı bir mövqeyə sahib olan dövlətlərin əhatəsində olduğumuz bir zamanda Türk dövlətlərinin  bir birlik halında birləşməsi ən doğru yol olardı. Bu birlik nəticəsində əldə ediləcək olan bütün sosial, iqtisadi inkişaflar bir yana ən əsası, bizim illərdir ürəyimizdə yara salmış milli məsələlərimiz olan Dağlıq Qarabağ, Mosul, Kərkük, Krım və diğər işğal edilmiş, hazırda öz həllini gözləyən problemlərimizin həll edilməsi üçün artıq qərbin və ya hansısa yad qurumun yatıb necə yuxu görməsini həyəcanla gözləməyə də ehtiyac qalmayacaq, biz dünya ilə deyil, dünya bizimlə hesablaşacaqdır.

Tez bir zamanda yüksək nailiyyətləri gözlənilən edən Türk Birliyinin qurulması üçün bu gün hər bir vətəndaşımız təşəbbüskarlığı ilə seçilməli, gənclərin, ictimai aktivləri, vətəndaş cəmiyyətlərinin bu mövzuda maksimum aktivlik göstərmələrinin vacibliyini xüsusi vurğulamaq istəyirəm. Onların timsalında bütün dünya türklərini sağlam, təhlükəsiz, işıqlı gələcək üçün birliyə dəvət edirəm!

Əsgər Məmmədov

“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti

Daha Çox Göstər

Bənzər Məqalələr

Close