Тег: bank


“Bankımızda risklərin idarə edilməsi üçün güclü və gənc komanda formalaşdırmışıq” - MÜSAHİBƏ

VuVu Uma - 2 месяцы тому назад
Oxu.Az-ın suallarını “Rabitəbank”ın Risklərin İdarə Edilməsi Departamentinin direktoru Ramin Abbasov cavablandırıb.

- Risklərin idarə olunması nə deməkdir və banklarda risk menecmentinin tətbiqinin əhəmiyyəti barədə qısaca məlumat verməyinizi xahiş edirik.

- Risklərin idarə olunması prosesini izah etməzdən əvvəl risk anlayışının mahiyyətini qısa olaraq təsvir etmək istərdim. Risk dedikdə, proqnozlaşdırılan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yaranan xərclərin (zərərin) bankın kapitalına mənfi təsir göstərməsi ehtimalı başa düşülür.Buradan göründüyü kimi, risk bank fəaliyyətə başlama anından etibarən yarana biləcək neqativ ehtimallar və həmin ehtimalların nəticəsi olaraq, onun kapitalına neqativ yöndə təsiri xarakterizə edən xüsusiyyətdir. Risklərin idarə edilməsi özlüyündə kompleks yanaşma tələb edən prosesdir. Hər bir bank əməliyyatlarının növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə və mühitinə, mürəkkəbliyinə və üzləşdiyi risklərə adekvat risklərin idarə edilməsi sistemi yaradır.

Banklarda risk menecmentinin tətbiqinin əhəmiyyətinə gəldikdə isə, bunu qısaca ifadə etmək çətindir. Çünki bankın üzləşə biləcəyi bütün risklər və onların müəyyənləşdirilməsi, təsnifləşdirlməsi, minimallaşdırılması və idarə edilə bilən səviyyədə saxlanması prosesi özlüyündə risk idarəçiliyinin əhəmiyyətinin göstəricisidir.

Ləğv olunmuş “Amrahbank” və “Atabank”da əmanəti olanların kompensasiya alacağı tarix və prosedur bəlli oldu

VuVu Uma - 3 месяцы тому назад
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi; 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “KapitalBank” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını 1 iyun 2020-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı “KapitalBank” ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcəkdir.

Qorunan əmanətçilər hesabdan çıxarışları 20 may 2020-ci il tarixindən ləğv prosesində olan “Atabank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Şəmsi Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “Amrahbank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Xocalı prospekti 36 A ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

Azərbaycanda daha iki bank bağlandı - RƏSMİ

VuVu Uma - 3 месяцы тому назад
Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları ləğv edilib.

Bununla bağlı Mərkəzi Bank məlumat yayıb.Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunub, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub.“NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır.

Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olub.

30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən, “AGBank” ASC-nin və “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən, “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır.

Lisenziyası geri alınmış dörd bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də, əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib.

Mayın 1-dən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna uyğun olaraq tam kompensasiya olunacaq.

Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

Baş bankirdən QƏRAR: Bank kreditlərinin təsnifləşdirilməsi qaydası müəyyənləşdi

VuVu Uma - 3 месяцы тому назад
“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası” təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov qərar imzalayıb.

Qaydaya əsasən, kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq, subsidiyanın ödənildiyi tarixdən 30 sentyabr 2020-ci ilədək pisləşdirilmir.

2020-ci ilin 1 mart tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 30 sentyabr 2020-ci ilədək pisləşdirilmir.

2020-ci ilin 1 mart 2020-ci ilə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pisləşdirilmir.

Qaydaya əsasən, tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 20 faizli (0.2 əmsallı) risk qrupuna aid edilir.

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü bəndi istehlak kreditləri üzrə risk qruplarına 1 yanvar 2021-ci il tarixinədək şamil edilmir.

Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək 11 faizdən az ola bilməz.

Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci ilədək doqquz faizdən az ola bilməz.

2021-ci il 1 yanvaradək kontr-tsiklik kapital buferi 0 faiz müəyyən edilir.

I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu qayda qüvvəyə mindiyi gündən 2021-ci il 1 yanvaradək nəzərə alınmır.

Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 2020-ci il 30 sentyabradək təxirə salınmalıdır. 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir.

Nazir müavini: “Bank güzəştlərinin edilməsi, kredit şərtlərinin yumşaldılması istisna deyil”

VuVu Uma - 4 месяцы тому назад
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə bir milyard manat vəsait ayrılıb.

Ayrılan vəsaitin daha çox hansı sahələrə sərf ediləcəyi və digər məsələlər barədə Oxu.Az-ın suallarını İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov cavablandırıb:

– Bir neçə gün öncə Prezident İlham Əliyev bir milyard vəsait ayrılması barədə sərəncam imzaladı. Həmin vəsaitin haraya xərclənəcəyi barədə konkret yol xəritələri varmı?– Bildiyiniz kimi, koronavirus pandemiyasından irəli gələrək, dünya enerji və səhm bazarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, o cümlədən, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən növbəti tarixi sərəncam imzalandı.Bu sərəncamla ölkə Prezidenti bir daha Azərbaycan vətəndaşının, sahibkarların yanında olduğunu təsdiq etdi. Sərəncamla 2020-ci ilin dövlət büdcəsindən bir milyard manat vəsait ayrıldı. İşçi Qruplarının yaradılması ilə bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Banka konkret tapşırıqlar verildi. Artıq İqtisadiyyat Nazirliyində konkret tədbirlər planının hazırlanması istiqamətində işə başlanılıb. Qısa müddət ərzində təkliflərimizi Nazirlər Kabinetinə təqdim edəcəyik.

İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlardan biri koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrin siyahısının, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan olmayan fiziki şəxslərin siyahısının hazırlanması üçün meyarın hazırlanıb təsdiqlənməsidir.

Bundan başqa, nazirliyə pandemiyanın yaxın və orta müddətdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması, iqtisadi artımın dayanıqlılığının artırılması məqsədilə təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Eyni zamanda Nazirlik mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğını müəyyən edib Nazirlər Kabinetinə məlumat verəcək.

Yeri gəlmişkən xüsusilə qeyd edim ki, vergi güzəştləti və tətilləri, kredit şərtlərinin yumşaldılması və digər dəstək mexanizmləri yalnız işini şəffaf quran, vergi öhdəliklərini vaxtında yerinə yetirən sahibkarlara şamil olunacaq.

– İşçi qrupları yaradılıb. Onların fəaliyyət istiqamətləri necə olacaq? Sənədlərin Nazirlər Kabinetinə təqdim olunması üçün nə qədər müddət verilib?

– İqtisadiyyat Nazirliyində mütəxəssislər təkliflərin hazırlanması istiqamətində işlər aparır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışan sahibkarlarla görüşlər keçirilir. Təkliflər toplanır və təhlil olunur. Qısa müddət ərzində bu təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Nəticədə, hazırlanan təkliflər ümumi tədbirlər planı ilə təsdiq olunacaq və icrasına başlanılacaq.

Vurğulayım ki, Cənab Prezidentin Sərəncamı xarici iqtisadi şokla mübarizədə Azərbaycan hökumətinin növbəti qabaqlayıcı tədbiri, xarici şokun ölkə vətəndaşına təsirinin minimallaşdırılmasını təmin edəcək.

Təbii ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Dünyada baş verən istənilən mənfi tendensiya ölkə iqtisadiyyatından da yan keçmir. Həyata keçirilən tədbirlər xarici şoklara reaksiya verilməsində, konkret tədbirlərin görülməsində vacib rol oynayır.

Bunun üçün Azərbaycanda artıq xarici iqtisadi şokların ticarət və tədiyyə balansına təsiri araşdırılıb və müxtəlif proqnoz ssenarilər hazırlanıb. Zərurət olduqca sabitləşdirici paket reallaşdırılacaq.

– İlkin araşdırmalarda bu təsirlərin hansı sahələrdə daha çox olduğunu müəyyənləşdilib?

– Koronavirus pandemiyasının ilkin olaraq ticarət, iaşə obyektləri, turizm və nəqliyyat sahələrinə təsiri gözlənilir. Digər sahələrə də təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Hazırda kifayət qədər geniş şəkildə təhlil aparılır.Təsir ehtimalı olan sahələr üzrə güzəştlərin edilməsi istisna deyil. Vergi ödənişləri və kredit şərtlərinin yumşadılması ola bilər. Bu məsələlər hazırda müzakirə predmetidir və bu istiqamətdə iş gedir. Qısa müddət ərzində tədbirlər planı çərçivəsində öz həllini tapacaq.

– Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitlər hansı sahəyə yönəldiləcək? Yalnız tibb, yoxsa?

– Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq iyirmi milyon manat ayrılıb. Bu prosesə artıq özəl sektor da qoşulub və maliyyə dəstəyi göstərir.

Sərəncamda qeyd edilib ki, bu, səhiyyə sahəsində görülən işlərə dəstəkdir. Eyni zamanda, bu sahəyə cəlb olunmuş səhiyyə işçilərinin mükafatlandırılması məsələləri diqqətdə saxlanılıb. Sərəncamla ayrılan vəsait də bütövlükdə bu virusla mübarizə və pandemiyanın təsirlərinin minimuma endirilməsi məqsədi daşıyır.

– Bir neçə gün əvvəl sosial şəbəkələrdə marketlərdə məhsulların tükənməsi ilə bağlı kütləvi paylaşımlar yer aldı. Əhali arasında panika yarandı...

– Hökumətin həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün zəmin yaradıb. Bu gün kifayət qədər özünü təminetmə səviyyəsi yüksək olan məhsullarımız istehsal olunur.

İxrac potensialımız da formalaşıb. Bu gün biz “Made in Azerbaijan” brendi ilə xaricə kənd təsərrüfatı, sənaye, İKT və s məhsullar ixrac edirik.

Bəzi psixoloji amillərin nəticəsidir ki, vətəndaşlarımız marketlərdən müəyyən qədər artıq məhsul tədarük edirdilər. Bu proses səngidi. Çünki vətəndaşlar gördülər ki, marketlərdə, onların anbarlarında kifayət qədər ərzaq var. Anbarlar monitorinq olunur. İstehsal da, idxal da var. Tam əminliklə deyə bilərik ki, bu barədə panikaya düşmək üçün heç bir əsas yoxdur.

– Sahib müəllim, bəs valyuta ehtiyatımız barədə nə deyərdiniz?

– Bu gün bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var. Bu, qlobal və regional risklərin ölkə iqtisadiyyatına neqativ təsirlərini neytrallaşdırmaq imkanı yaradır. Eyni zamanda, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması üçün zəmin yaradır.

Strateji valyuta ehtiyatlarımız dövriyyədə olan manat kütləsinin həcmindən beş dəfə, nağd manat kütləsinin həcmindən isə doqquz dəfə çoxdur. Bu, o deməkdir ki, valyuta bazarının tarazlığının təmin olunması, makroiqtisadi sabitliyin qorunması üçün fundamental şərtlərdəndir.Ölkəmizin iqtisadiyyatı dünyada baş verən xarici şoklara qarşı maliyyə immunitetinə, təhlükəsizlik “yastığına” malikdir. Bu, həyata keçirilən islahatlar nəticəsində formalaşmış potensialdır.

– Sosial şəbəkə istifadəçiləri və bəzi iqtisadi ekspertlər pandemiya fonunda ölkə iqtisadiyyatında geriləmələr barədə narahatlıqlarını ifadə edirlər. Sizcə, buna əsas varmı?

– Bu proses daxildə həyata keçirilən sosial-iqtisadi proseslə bağlı deyil. Qeyri-peşəkarların yaydığı dezinformasiyalardır.

Bəli, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Deyə bilmərik ki, bunun bizim iqtisadiyyata təsiri olmayacaq. Hazırda Azərbaycan iqtisadiyyatına təsiri ehtimal olunan iki amil var: biri pandemiyanın neqativ təsirləri, digəri neftin qiymətinin ucuzlaşmasıdır.Hazırda bu təsirləri minimallaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Əksər ölkələrlə müqayisədə, Azərbaycan bu virusun yayılmasının qarşısını almaq üçün ilk günlərdən daha ciddi reaksiya verdi. Çevik qərarlar qəbul olundu ki, ehtimal olunan itkilər minumuma ensin.

Banklardan valyuta mübadiləsi ilə bağlı birgə BƏYANAT

VuVu Uma - 5 месяцы тому назад
Azərbaycan Banklar Assosiasiyası 13 martda mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasına üzv banklarının birgə bəyanatında qeyd olunub.

Müraciətdə bildirilib ki, bank sektorunda çalışmayan bir neçə şəxs qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirib və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurub.

“Azərbaycan Bankar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intesiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbat ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmirlər.

Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyatına və xalqın mənafeyinə zidd, eləcə də, mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.

Azərbaycanda bankların iş rejimi uzadıldı - RƏSMİ

VuVu Uma - 5 месяцы тому назад
“Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi Azərbaycanın nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib.Baş nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu?” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var?” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib:

“Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin, ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur.

Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər.
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения
Нет сообщений для отображения