Sosial

Oğul doğmaq istəyənlərə VACİB XƏBƏRDARLIQ

Bu il ərzində respublikada 13 qadın doğuş zamanı və ya ondan sonra dünyasını dəyişib. Baş verən ana ölümlərində ailə adətən, doğuşu həyata keçirən həkimi günahlandırır. Son illərin statistik göstəriciləri ana ölümlərinin sayında ildən-ilə bu rəqəmdə cüzi də olsa, azalma olduğunu deməyə əsas verir. Lakin bu ilin ilk 7 ayında 13 qadının doğuş səbəbindən həyatını itirməsi ciddi rəqəm hesab edilməlidir.
Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadınların doğuş zamanı dünyasını dəyişməsilə bağlı hər bir fakt araşdırılsa da, ortaq səbəb vaxtında və ardıcıl həkim müayinəsində olmamaqdır: “Bəzən qadınlar hamiləlik vaxtı həkim müayinəsindən yayınır. Hətta həkim müayinəsindən sonra qadına hamilə qalmağa icazə verilməsə də, ailələr buna əhəmiyyət vermir. 2-3 qızı olan qadınlar oğlan dünyaya gətirmək istəyir. Hətta həkimlər ana olmağının riskini başa salsa da, qadın ailənin istəyini əsas götürərək yenidən hamilə qalır. Çünki ailələr oğul nəvələrinin olmamasını problemə çevirirlər. Bu səbəbdən qadınlar xəstəliklərini unudur, oğul anası olmağa can atırlar. Bunun da axırı fəlakətlə qurtarır. Bu, o demək deyil ki, oğlan uşağı olanların hamısı ölür. Sadəcə 2-3 qızdan sonra müayinə edilməmiş, yaşı ötmüş, bədənində kifayət qədər xroniki xəstəliklər yığılmış qadınlar hamilə qalandan sonra problemlər yarana bilir”.
Baş ginekoloq deyir ki, bəzən qadınlar uşağın cinsiyyətini öyrənəndən sonra artıq vaxtaşırı həkim müayinəsində olmağı unudurlar: “Onlar bir də uşağı dünyaya gətirəndə müayinəyə gedirlər. Lakin 12 həftəliyindən sonrakı 5-6 ay ərzində qadının bədənində elə dəyişikliklər baş verir ki, doğuş zamanı ona yardım etmək çətin olur. Sağlam uşaq dünyaya gətirmək istəyən qadınlar doğuşdan 1-2 həftə əvvəl həkim müayinəsində olmalıdır. Doğuş başlayanda xəstəxanaya gələn xəstənin ürəyini yoxlamalıdır, yoxsa doğuşu həyata keçirməlidir? Biz hər cür yardımı edirik, lakin əvvəlki problemləri bilməsək, ona lazımı köməkliyi göstərə bilmərik. Çox zaman isə xəstələr doğuşa gələndə əvvəlki problemləri gizlədirlər”.
S.Məmmədova ana ölümlərinin regionlarla müqayisədə paytaxtda daha çox olduğunu dedi: “Ana ölümlərinin daha çox paytaxtda müşahidə edilməsi səbəbsiz deyil. Regionlarda müasir xəstəxanalar olsa da, adətən ağır xəstələr Bakıya köçürülür. Ona görə də, ölüm nisbətində paytaxtda say daha çox olur”.
Qeyd edək ki, 2016-cı il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib, 2015 ildə 24, 2013-14-cü ildə 25, 2012-ci ildə 26, 2011-də 27, 2010-cu ildə 26 qadın doğuş zamanı və ya ondan qısa müddət sonra dünaysını dəyişib.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close