SMS icazə alan və “icaze.e-gov.az”da qeydiyyatdan keçənlərin sayı açıqlandı
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.
“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib.
Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.
Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub.
Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.
Eyni zamanda, Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə sorğular göndərilib.
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hər kəsi şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.