Rəhim Qazıyev DTX tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb - RƏSMİ
Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.
Eyni zamanda, bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb və bundan sonra da qətiyyətlə alınacaq.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.