Pandemiya terrora qalib gələ bilirmi? - TƏHLİL

BMT-nin Baş katibi Antonio Quterreş dünyaya atəşkəs çağırışını yeniləyib. Baş katib növbəti müraciətində terrorçu və radikal qrupların pandemiyadan istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

Ancaq A.Quterreşin açıqlamasından belə anlaşılıb ki, pandemiya dünyadakı münaqişələrə təsir etməyib. O bildirib ki, Suriya, Yəmən, Liviya, Myanmar, Ukrayna, Sudan və Kamerun kimi münaqişə bölgələrində atəşkəs elan olunsa da, bu qərarlara riayət olunmur. BMT baş katibi ölkələri ümumi düşmən olan koronavirusa qarşı birləşməyə çağırıb.

Əslində, bir çoxları düşünürdü ki, pandemiya insanları yaxınlaşdıracaq, böyük münaqişələr zəifləyəcək. Başqa sözlə, daha amansız “düşmən” qarşısında qalan insanoğlu bir-birini öldürməyi dayandıracaq. Lakin indi görünür ki, hətta amansızcasına tüğyan edən xəstəlik belə insanların öldürmək hissinə təsir etməyib. Bunu son bir ayda dünyadakı münaqişələr və terror aktları da göstərir.

Əfqanıstan

İllərdir müharibə, terror və səfalətin cəngində əzilən Əfqanıstanda koronavirus xəstəliyi yayılsa da, əfqanların ölüb-öldürmək hissinə təsir edə bilməyib. Mart ayı ərzində Əfqanıstanda bir neçə terror aktı və silahlı hücum qeydə alınıb. Baxmayaraq ki, artıq fevralın 29-da ABŞ və “Taliban” qruplaşması arasında sülh razılaşması əldə olunmuşdu.

Martın 6-da Kabildə keçirilən anma mərasimində törədilən silahlı və bombalı hücum nəticəsində 27 nəfər həlak olub. 20 martda Əfqanıstanın Zabul əyalətində təhlükəsizlik qüvvələri arasına sızan altı “Taliban” silahlısının törətdiyi hücum nəticəsində 20-dən çox təhlükəsizlik xidməti əməkdaşı həyatını itirib.

Martın 25-də isə Kabildə Sinqh məbədində törədilən terror hücumu nəticəsində çoxlu sayda dinc sakin ölüb. Rəsmi məlumatlara əsasən, Əfqanıstanda 300 nəfər koronavirusa yoluxub, bunlardan yeddisi vəfat edib.

Yəmən

Martın 26-da ərəb koalisiyası ilə husilər arasında müharibənin beş ilinin tamam olduğu Yəməndə koronavirusa rast gəlinməsə də, əhalinin onsuz da vəba və aclıqdan öldüyü ölkədə silahlar susmur.

Martın sonunda husilər Səudiyyə Ərəbistanı ərazilərini raket atəşinə tutub. Bunun ardınca isə Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəmənin paytaxtı Səna şəhərini bombalayıb.

Ümumilikdə, müharibənin davam etdiyi beş ildə Yəməndə həyata keçirilən hava hücumları nəticəsində 42 min nəfərin həlak olduğu, onların 17 minə yaxınının mülki əhalidən olduğu bildirilir.

Liviya

2011-ci il “ərəb baharı” üsyanlarından sonra hələ də silahların susmadığı Liviyada ilin əvvəlində atəşkəs sazişinin imzalanmasına və koronavirusun yayılmasına rəğmən, şiddətli döyüşlər davam edir. Liviyada hazırda döyüşlər BMT-nin rəsmi olaraq tanıdığı Milli Razılaşma Hökumətinin (MRH) paytaxtı Tripoli şəhəri ətrafında gedir. General Xəlifə Həftərin ötən il aprelin 5-də başlatdığı Tripoliyə hücum əməliyyatları atəşkəs barədə razılaşmalara baxmayaraq, hələ də aktuallığını qoruyur. Martın 25-də MRH Həftər qüvvələrinə qarşı hərbi əməliyyata başlayıb. Döyüşlər bitməyib.

Liviyada 17 nəfər koronavirusa yoluxub, onlardan biri ölüb.

İraq

İraqda 800-dən çox insanın koronavirusa yoluxması, 54 nəfərin bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Eyni zamanda, ötən ay terror aktları və silahlı hücumlar bu ölkədə dayanmayıb. Ötən gün İraqın Kərkük bölgəsində iki fərqli yerdə terror aktları törədilib. Nəticədə, üç hərbçi həlak olub və üç nəfər yaralanıb. Ay ərzində İraqda terror aktları və silahlı hücumlar baş verib.

Suriya

Nə qədər qəribə də olsa, koronavirusun yayılmasından sonra Suriyada nisbi sakitlik qeydə alınıb. 2011-ci ilin martından üsyan və vətəndaş müharibəsinin, terrorun başladığı Suriyada ən az dinc sakin itkisi 2020-ci ilin martında qeydə alınıb.

Belə ki, araşdırmalara əsasən, mart ayında Suriyada 103 nəfər mülki şəxs həlak olub. Burada həm də martın 5-də Rusiya və Türkiyə arasında imzalanmış İdlib razılaşmasının rolu var. Çünki toqquşmaların şiddətləndiyi fevral ayında Suriyada 275 nəfər ölmüşdü.

Yeri gəlmişkən, son məlumata görə, Suriyada 16 nəfər koronavirusa yoluxub və onlardan ikisi vəfat edib. Ancaq mütəxəssislər bildirirlər ki, virusun qarşısı zamanında alınmasa, müharibənin doqquz ildir davam etdiyi ölkədə böyük tələfata səbəb ola bilər.

Сообщение  103 Просмотры обновленный 7 месяцы тому назад

Pandemiya terrora qalib gələ bilirmi? - TƏHLİL

Göründüyü kimi, BMT-nin İkinci Dünya Müharibəsindən sonra ən böyük fəlakət elan etdiyi koronavirus pandemiyası lokal münaqişələrə ciddi təsir etməyib. Müharibələr, terror hələ də davam edir. Üstəlik, BMT baş katibinin qeyd etdiyi kimi, bu vəziyyətdən terror təşkilatlarının və radikal qrupların istifadə etməsi təhlükəsi var. 


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861