Dağlarımızın xoş ətri-baldırğan

Min bir dərdin dərmanı olan baldırğan bitkisi əsasən Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarındakı dağların ətəyində yetişən yabanı növ tərəvəzlərdən biridir. Aran ərazilərdə onu bağlarda da becərənlər az deyil. Bu çoxillik ot bitkisi çətirkimilər fəsiləsinə daxildir. Dünyada 60-dan çox növü olan baldırğanın muxtar respublikamızda 2 növü yayılıb. Əhvalaçıcı iyə malik olan bitkinin bir çox növü texniki dərman, efir yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli, bəzək xüsusiyyətlidir.

Сообщение  98 Просмотры обновленный 2 месяцы тому назад

Dağlarımızın xoş ətri-baldırğan

Şahbuz rayondakı Salvartı dağının ətəyində bitən baldırğan növü Aşağı Qışlaq və Kükü kəndi ərazisində bəzək bitkisi kimi, Keçəldağın yamacında və onun ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir. Bitkinin uca gövdəsi qamışvarı, içərisi boş boruya bənzər formalıdır. Yarpaqları boz yaşımtıl və sadə lələkvarıdır. Ağ-sarımtıl rəngdə olan çiçəkləri külək və qanadlı həşəratlar vasitəsilə tozlanır.Oxucularımıza baldırğan bitkisi haqqında maraqlı məlumat vermək üçün onun daha çox bitdiyi ərazilərdən olan Aşağı Qışlaq kəndinə yollandıq. Kəndə gedərkən yolboyu gördüyümüz ən gözəl mənzərə isə dağlardan-dərələrdən, böyükdən-kiçiyə hər kəsin çox həvəslə adlarını saymaqla bitməyən nemətlərimizi yığmaları oldu. Zəhmətkeş  qadın, təbiəti canı qədər sevən bir kənd sakini olan   Çiçək xanım  bizə baldırğan bitkisi haqqında  maraqlı məlumatlar verdi. Həmsöhbətim deyir ki, hər bitkinin yığılma vədəsi olur. Baldırğanın da yığılma vədəsi may ayının sonu-iyun ayının ortalarına təsadüf edir. İnsan əli dəyməyən yabanı halda yetişən və tam təbii məhsul olan  baldırğanı yığmaq üçün  biz kənd adamları beş-beş, on-on yığışaraq axşamdan vaxt müəyyən edib, səhərin sübh cağından dağlara, dərələrə baldırğan yığmağa gedirik. Hətta həftə sonları şəhərdən  və başqa kəndlərdən də gələrək onu toplamaq üçün dağlara üz tutanlar var. Baldırğanın əsas hissəsi, cavan zoğları yığılır.  Bu bitkini yığmaq asan görünsə də, əslində bir o qədər də çətindir. Tünd iyi  olan baldırğan  yığılan zaman adamda kəskin baş ağrıları yarada bilər. Yığmaq üçün bıçaqdan istifadə edirik. Torpağın üstündən 2-4 santimetr yuxarı kəsilməlidir. Yığdığımız baldırğanlar yarpaqdan təmizlənməlidir. Bitkini əsasən sərin havalarda, səhərlər gün çıxmamışdan əvvəl yığmaq lazımdır. Və bu bitkini digərlərindən fərqli olaraq əlcəklə toplamaq vacibdir. Ona görə ki, bitkinin bıçaqla kəsilən yerindən çıxan şirəsi əllərdə ləkələr və yanıqlar yaradır. Dəriyə qıcıqlandırıcı təsir göstərir. Yığdığımız baldırğanları həm özümüz qışa tədarük edir, həm də satırıq.

Çiçək xanım deyir ki, baldırğan  turşusu milli mətbəximizdə ən çox işlənən turşulardan biridir. Bunun üçün yığdığımız baldırğanları  təmizləyirik. Eyni bərabərdə doğrayıb 5-10 dəqiqə qaynar suda azacıq pörtlədirik. Pörtlətdiyimiz baldırğanları isti sudan çıxarıb soyuq suya tökür bir az soyuq suda qaldıqdan sonra çıxarırıq. Sonra onları səliqə ilə bankalara yığaraq aralarına duz töküb, üzərinə qaynamış su və sirkə əlavə edərək konservləşdirib qışımıza saxlayırıq. Onu duzlu şorabada da hazırlayırıq. Bu zaman turşunun yeyilmə vaxtı 3-4 ay çəkir. Duza qoyulmuş bitkinin ən üstün cəhəti ondan ibarətdir ki, tərkibini dəyişmir, vitaminləri özündə kələm kimi  saxlaya bilir.

Milli mətbəximizdə baldırğandan həm də dadlı mürəbbə bişirilir, deyən  həmsöhbətim bir qədər də bu barədə danışdı:  “Mürəbbənin bişirilməsi üçün lazım olan baldırğan zoğları  soyulur, 3-4 santimetr bərabər hissələrə bölünür və qaynar suda pörtlədilir, sonra süzülür. Əvvəlcədən hazırladığımız şirənin içərisinə  tökürük. Şirə soyuyana kimi gözləyirik. Ara-sıra qaynamağa qoyuruq. Təxminən 1 kiloqram baldırğan 1,5 kiloqram şəkər tozunda bişirilir.

Kök hissəsi qaraciyər və sarılıq xəstəlikləri əleyhinə olduqca faydalı olan  təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Onun iyun-iyul aylarında açan çiçəklərindən isə yığıb qurudaraq kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir. Yerüstü hissəsindən alınmış şirə  bəzi  şişlərin müalicəsinə köməklik edir. Yarpaqlarından alınmış narın  toz isə dəri qaşınmalarının qarşısını alır. Əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur. 

Gördüyün bu dağlar, dərələr təkcə yaşıllıq deyil, biz kənd adamlarının ruzi mənbəyidir. Dünyanın heç  bir yerində təbiət insanlara bu qədər tükənməz nemətlər vermir. Bu tükənməzliyin qədirbilənləri isə biz olmalıyıq. Hər il yazdan qışadək üz tutub yığdığımız min adda, min dadda olan nemətləri elə dərib, elə toplamalıyıq ki, dağlarımız, düzlərimiz bizdən “razı” qalıb, gələcək yazlarda da ruzili, bərəkətli qollarını bizə yenidən açsın.


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861