BVF və DB bizim qapını döyəcək, biz onların yox...

Dünyanı cənginə almış koronavirus epidemiyası altı ay deyil ki, davam edir, artıq dünya ölkələrinin yarıdan çoxu - 150-dən çox ölkə bir sıra beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib. Bu da əsasən ondan irəli gəlir ki, mövcud vəziyyət əksər ölkələri ikitərəfli vurur, yəni həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə vurur, daxildən isə ölkələrdə tətbiq olunan sərt karantin rejiminə görə...

Bu, Azərbaycana da aiddir.

Lakin ölkəmizin adı Beynəlxalq Valyuta Fondu (BFV) və Dünya Bankına (DB) müraciət edənlərin sırasında yoxdur, olacağı da gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar az əhəmiyyət daşımır, həm də iki il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm təsirə malikdir.

Odur ki, ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçımız da qeyd etdi ki, bu vəziyyətdən şərəflə çıxsaq (Prezident buna əmin olduğunu vurğulayıb), atılmış bütün addımların düşünülmüş və xalqımızın, dövlətimizin maraqlarına uyğun olduğu bir daha sübuta yetəcək.

Ancaq yaranmış vəziyyət və iqtisadiyyata təzyiqlər kifayət qədər ciddi və təhlükəlidir. Müddət uzandıqca və məlum bəlanın konkret nə vaxt sovuşacağı bəlli olmadıqca “özünümüdafiə və sığorta” tədbirləri mövcud imkanlardan istifadəni genişləndirməyi məcbur edir. Başqa sözlə, bütün imkanların səfərbərliyə alındığı deyilən bir şey var ki, ölkəmiz - dövlətimiz və hökumətimiz buna yaxın vəziyyətdədir.

Hazırda dövlət başçımızın bu ilin martın 19-u tarixində imzaladığı sərəncama əsasən, böyük dəstək zərfi həyata keçirilir ki, bu da hələlik 2,5 milyard manat təşkil edir. Yəni ÜDM-in 3 faizi həcmində...

Bir məqama da toxunum ki, ötən il sosial sahədə başlanılan genişmiqyaslı maliyyələşdirmə tədbirləri üzrə 2020-ci ildə də bəzi sahələrdə əməkhaqlarının əlavə olaraq artırılması nəzərdə tutulurdu, buna keçənilki ilə birlikdə dörd milyard manata qədər əlavə vəsait xərclənəcəkdi.

Bunun 2,5 milyard manatı getdi, yəni koronavirus “yedi”...

Hələ bu harasıdır: dəstək zərfi 2,5 milyard manatdan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxında Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Dövlət başçısı məlum müşavirədə qeyd etdi ki, bundan sonra da ilin sonunadək 150 milyon manat və üstəlik, nə qədər lazımdırsa, ayrılacaq.

“Bu, 2,5 milyard manatın içində deyil”, - deyə Prezident əlavə edib.

Bütün bunları mövcud makroiqtisadi göstəricilərə və maliyyə vəziyyətimizə zərərsiz şəkildə həyata keçirmək tələb olunur ki, ona görə də, sözsüz, dövlət büdcəsinə yenidən baxılmalı, keçən il başlanılan islahatlar davam etdirilməli, daxildə yeni gəlir mənbələrinin aşkarlanması, yaradılması işləri genişləndirilməli, dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarət daha çox gücləndirilməlidir.

Daxildə yeni gəlir mənbələrinin aşkarlanması və yaradılması işlərinin genişləndirilməsi zərurəti üzərində xüsusən dayanmaq istəyirəm.

Ötən yazımda da qeyd etdim ki, 2019-cu ildə vergi və gömrük orqanlarının xətti ilə büdcəyə bir milyard manat əlavə vəsait daxil olub. Bu gəlirlər dövlət tərəfindən əhalinin sosial-iqtisadi cəhətdən müdafiəsini yaxşılaşdırmaq üçün islahatları dərinləşdirməyə yol açdı.

Bax, həmin bir milyard manat əlavə vəsaitin əldə olunmasında 2019-cu ildən Vergi Məcəlləsində qüvvəyə minən 300-ə qədər əlavə və dəyişikliklər vacib rol oynadı. Bu ilin ilk üç ayı ərzində isə bu məbləğ 310 milyon manatdan çox təşkil edib. Hələ sonuncu ayda, yəni mart ayı ərzində ölkə iqtisadiyyatı böyük duman qatına daxil oldu, yoxsa bu məbləğ bir az da çox olacaqdı.

Bu nəyi göstərir? Demək, daxildə böyük potensial var, sadəcə, bunu aşkarlamaq lazımdır. Bu, koronavirusla bağlı hökumətin dəstək zərfini maliyyələşdirməyə çox böyük kömək olar.

Bəli, dövlətimizin 52 milyard ABŞ dollarından çox valyuta ehtiyatları var. Ancaq nəzərə almalıyıq ki, dövlət büdcəmizin 47 faiz hissəsi Dövlət Neft Fondundan transferdən asılıdır. Məhz bunun hesabına sosial xərclər - pensiyalar, əməkhaqları, müavinətlər ödənilir. Yəni, neftin dünya bazarlarında neçəyə satılmasından asılı olmayaraq, sosial ödənişlərin həyata keçirilməsində hansısa problem yaşanmır.

Ancaq koronavirus üzündən kəskin iqtisadi geriləmə və o cümlədən, məcburi əlavə xərclər ABŞ kimi bir ölkədə cari maliyyə ilində dövlət büdcəsində kəsir həddini azı dörd dəfə yüksəldərək, ÜDM-in 20 faiz hissəsinədək çatdıracaq. Yəni, 3,8 trilyon dollar həcminə... Keçən ilin sonuna isə bu rəqəm 984 milyard dollar təşkil etmişdi.

Sözüm ondadır ki, indi təsəvvür edin, xırda ölkələrin dövlət büdcələri nələr çəkəcək. Yeri gəlmişkən, cari ilin dövlət büdcəmizin həcmi Azərbaycanın indiyədək müstəqillik tarixində ən iri həcmdir. Ancaq bunu keçən ilin axırında bu cür qürurla bəyan etdiyimiz vaxt heç ağlımıza da gətirə bilməzdik ki, başımıza belə işlər gələcək. Demirəm ki, bizdə də dövlət büdcəsi üzrə kəsir böyük olacaq.

Xeyr!

2020-ci ilin büdcə qanununa əsasən, bizdə kəsir 2 760,2 milyon manat nəzərdə tutulub. Məsələ bundadır ki, yaxşıdır, Neft Fondumuz var. Zərbəni məhz bu qurum öz üzərinə götürür və götürəcək. Bununla belə, növbəti aydan gec olmayaraq, hər halda dövlət büdcəsinə yenidən baxılmalıdır və baxılacaq da...

Demək istədiyim budur ki, hələ ki, real olaraq təhlükə yoxdur - lakin o, bizi qarşıda gözləyir. Belə ki, koronavirus bəlası uzun sürərsə, gedib düz həmin təhlükə ilə toqquşacağıq. Bu təhlükə gözlənildiyindən də ciddi xarakter daşıyarsa, Neft Fondundan əlavə transfert olacaq. İş ondadır ki, növbəti tranşı manatın məzənnəsinə toxunmadan həyata keçirmək mümkün olacaq, ya olmayacaq - bunu demək çətindir.

Sözün qısası, şəffaflığın tam təmin olunması istiqamətində islahatları davam etdirmək olduqca zəruridir və bu, getdikcə daha çox prioritet təşkil edir. Məhz bunun hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlamaq mümkündür.

Azərbaycanda hələ də “kölgə iqtisadiyyatı” mövcuddur. Bu mənada bir məqama da diqqət çəkmək istəyirəm ki, koronavirusla bağlı sahibkarlara dövlət dəstəyinin göstəriləcəyi barədə məlumatlar veriləndən sonra əmək müqaviləsi bağlayanların sayı aprelin 1-dən sonra 51 min vahid artıb. Deməli, indiyədək həmin iş yerləri mövcud olub, sadəcə, bəzi sahibkarlar fəaliyyətlərini qeyri-leqal qurublar.

Düzdür, inzibati tədbirlərlərlə “kölgə” iqtisadiyyatını tam aradan qaldırmaq mümkün deyil. Bunun üçün sahibkarlıq subyektlərinin stimullaşdırılması vacibdir. Elə bir stimullaşdırıcı mexanizm hazırlanmalıdır ki, sahibkarlar “kölgədə” fəaliyyət göstərməkdən çəkinsinlər.

Bir sözlə, nicatımız öz əlimizdədir!..

Сообщение  125 Просмотры обновленный 5 месяцы тому назад

BVF və DB bizim qapını döyəcək, biz onların yox...

Sahibkarlarımız da dövlətə dəstək olarsa, BVF və DB bizim qapını döyəcək, biz onların yox... Koronavirusdan əvvəl olduğu kimi...


ca-pub-6171137204616861

Ваша реакция на новость?

0
LOL
0
LOVED
0
PURE
0
AW
0
FUNNY
0
BAD!
0
EEW
0
OMG!
0
ANGRY
ca-pub-6171137204616861