Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ
Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.
Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.
Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.
Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.