Sosial

İmtahandan kəsilən müəllim milçəyi günahlandırdı

“Müəllimlərin nə imtahanda, nə də imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa imkan verməyib”.

Regioninfo Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib.

Onun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır. Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu səbəbdən imtahandan çıxarılıb. Bu gün telefon və qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”.

R.Məmmədov deyib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər.

R.Məmmədov imtahan zallarındakı sarı kartlı masalara “tapşırılanlar”ın oturulması və onlara cavabların ötürülməsi ilə bağli iradlara cavab verərək bildirib ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur: “Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orda qoyub çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”.

Sarı kartlı masaların digər masalardan hansı səbəblərdən fərqləndirilməsinə gəldikdə, R.Məmmədov bildirib ki, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər sarı kartda bitir: “Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir”.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close