Sosial

Doğma qızı ilə hazırlaşdı, 48 yaşında tələbə oldu

Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazandı.
Cari tədris ilinin ən yaşlı abituriyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub.
1989-cu ildə o vaxtki Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də, cəhdləri uğursuz olub. Buna baxmayaraq, o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub.
Əfsəl Qazıyev – 48 yaşlı tələbə: “Əsas insanda iradədir. Arzuya, amala çatmaq üçün insan qarşısına məqsəd qoydusa, ona mütləq çatacaq. 25 yaşına çatan oğlan uşağı, qız uşağı fərqi yoxdur. Mən dedim onlara bir yol açaram, məndən cavanlar da ali məktəbə qəbul olarlar”.
Əfsəl Qazıyev bildirir ki, ali məktəbə sənəd verərkən bunu yalnız ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abituriyent, 2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı, Sarıköynəklə birlikdə hazırlaşıb.
Əfsəl Qazıyev, Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək. (ARB 24)

Daha Çox Göstər

Bənzər Məqalələr

Close