Mədəniyyət

Dihaj “Eurovision”un qalibi ola bilərmi?

Sabah Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Azərbaycanı müsabiqədə təmsil edən Dinana Hacıyeva (Dihaj) finalda 12-ci sırada çıxış edəcək.

Dihajdan gözləntilərimiz nədir? O, “Eurovision-2017”-də neçənci yeri tuta bilər?

Tanınmış bəstəkar Faiq Sücəddinov AzVision.az-a bildirib ki, Diananın istər ifası, istərsə də xarici görünüşü onu digərlərindən fərqləndirir.

“İndiyədək “Eurovision”da çox böyük uğurlar qazanmışıq. Birinci dəfə səkkizinci, ikinci dəfə 5-ci, 3-cü dəfə isə birinci yeri tutmuşuq. Burada səhnə görüntüsü ilə ifa etmək , düz qavramaq və bunu Avropalıya çatdırmaq lazımdır. Diana Hacıyevanın çox gözəl xarici görünüşü var. Onun tənəffüsü də gözəldir. Diana qələbə qazanmağa layiqdir. Bunun üçün bütün meyarlar onda var. Ümumiyyətlə, Avropa meyarları çox maraqlıdır. Orada oxumaqla yanaşı ifaçının xarici görnüşü də əsas rol oynayır. Bəzən səsinə yox, görünüşünə görə səs verirlər. İnanıram ki, biz bu dəfə də yaxşı yerlərin birini alacağıq”.

Aparıcı Leyla Əliyeva isə bildirib ki, Diana Hacıyevanın təqdimatı, ifası, görkəmi digər çıxışçılarımızdan fərqlənir. “Diananın qeyri- adi, kifayət qədər peşəkar biri olması onun həm səhnə görkəminə, həm də davranışına təsir edir. Bütünlükdə isə Diananın səhnədəki çıxışı bu ilki “Eurovision” mahnı müsabiqəsinin birinci yarım finalındakı ən yadda qalan çıxışlar sırasına salınıb. Söhbət təkcə mahnıdan getmir, səhnə tərtibatı da burada nəzərə alınır.

Çernoqoriyadan gələn müğənninin uzun hörüyü, Diananın ifası zamanı səhnədə atın başını canlandıran rəqqasdan istifadə etməsi – bunlar hamısı ifanı yadda qalan edir. Bu səbəbdən də Diana favoritlər sırasındadır. Amma bütün hallarda “Eurovision” mahnı müsabiqəsinin qalibini öncədən təyin etmək, gedişatı bəlli etmək mümkün deyil”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close