Sosial

Cəmiyyətdə insan hüquqlarını pozan dini “geyimlilər” – ARAŞDIRMA

İllər keçdikcə cəmiyyətdə dindarların və özünü din adamı kimi tanıdan insanların sayı artır. Dini mövzularda vətəndaşlara qoyulan qadağalardan şikayət edən əhali müstəqil şəkildə öz qanunlarını yeridərək cəmiyyətdə yanlış fikir formalaşdırmağa davam edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun birinci maddəsində qeyd olunub: “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
Əlbəttə, cəmiyyətdə kimin necə geyinməsi, barmağına hansı üzüyü taxması, başına nə bağlaması, maşınında hansı moizələrə qulaq asması, pul qabında kimlərin şəklini daşıması onların öz şəxsi işidir. Heç kim buna müdaxilə edə bilməz. Və bu mövzuya toxunmağımızın səbəbi əsla onların şəxsi işlərinə qarışmaq deyil. Sadəcə dindarlıq meyarı kimi bu xüsusiyyətlərin önə çəkilməsi cəmiyyətdə sırf dini geyimlərdə olan insanlara xüsusi “imtiyazlar”ın verilməsi, onları digərlərindən bu xüsusiyyətlərinə görə ayırmaq belə baxanda dinin öyrətdiyi yüksək mənəvi dəyərlərin özünə də tərsdir.
Axı din bu deyil. Hər başını bağlayan dindar ola bilməz. Hər namaz qılan insan təmiz və dürüst şəxsiyyət demək deyil. Cəmiyyətdə bu əlamətlərə görə insanlar arasında fərq qoyulduğu üçün bu gün dini mühit nəzərəçarpacaq dərəcədə sosial həyata mane olur. Din Allahla insan arasında qalmalıdır. Əslində heç kim öz dini etiqadını cəmiyyətə bu qədər göstərişli şəkildə nümayiş etdirməməlidir. Dinin buyurduqlarına əməl edərək yaşamaq başdan ayağa bürünüb, nəinki dindən, insanlıqdan belə xəbərsiz yaşamaqdan qat-qat daha yaxşıdır.
Təəssüflər olsun ki, dində olan boşluqdan xarici qüvvələr olduqca məharətlə sui-istifadə edir. Layiqli, mənəviyyat sahibi şəxsləri çıxmaq şərtilə “dindarlar” arasında radikal təbliğata, terrorçu qruplara qoşulan, cinayət əməllərinə sürüklənən vətəndaşlar çoxluq təşkil edir. Bunun hamısı savadsızlıqdan və cahillikdən irəli gəlir. Bunun acı nəticələrini isə zaman-zaman mətbuatda gedən xəbərlərdən oxuya bilirik. Amma dini mühitin qüsurlu cəhətləri bunlarla da bitmir.
Din keçmiş nəsillərdən miras qalmış adət-ənənə deyil. Dini oyuncağa çevirmək və onu olmadığı kimi bərbəzəkli şəkildə “süfrəyə” qoymaq, cəmiyyətdə ümumi yaşayış qaydalarına riayət etməmək və buna din üzərindən bəraət qazandırmaq insanları dindən uzaqlaşdırır. Bir qrup toplum artıq dindar insanlara qarşı kəskin mövqe alıb. Qadağalar heç vaxt effektiv nəticə vermir. Psixologiya bunu sübut edib ki, insanlara nəyi qadağan etsən, ona daha çox meyl edirlər. Ümumiyyətlə, insanlar müasir dövrün qaydalarına cavab verməyi bacarmalıdırlar. Əks halda heç bir inkişaf və tərəqqidən söhbət gedə bilməz.
21-ci əsrdə yaşayırıq və hələ də banklarda, xəstəxanalarda, müəyyən idarələrdə, iş görüşmələrində, nəqliyyatda və s. yerlərdə dini geyimdə olan insanlara qarşı xüsusi qaydalar yaranıb. Kimliyindən asılı olmayaraq başıbağlı qadınlara növbəsiz xidmət göstərilir. Və ya bir anda içəri daxil olan “kərbəlayi”, “hacı”, “məşədi” hər kəsin başının üstündən keçərək dəvət olunur yuxarı başa. Səbəb?! Cəmiyyətdə xüsusi etik normalar daxilində hamilə qadınlara, uşaqlı və ya fiziki məhdudiyyəti olan insanlara imkan daxilində güzəşt etmək məqbuldur. Bəs yaxşı, sadəcə hicab və çadrası ilə bizdən fərqlənən insanlara qarşı bu xüsusiliyin səbəbi nədir? Başa bağladıqları hicabmı? Bir neçə metr parça cəmiyyətdə digər insanların hüquqlarını tapdamağa kifayət edirmi? Belə ayrı-seçkiliklərə nə ehtiyac var? Normal geyimli insan (xanım, bəy) növbə gözləyir və sıra ona çatanda növbədənkənar şəkildə ortama daxil olan şəxs sıranı pozur və heç kim dillənmir. Bu adamlar haradan peyda olublar? Niyə 20 il əvvəl ölkədə bu qədər dinə tapınan “dindarlar” yox idi?
Publika.az mövzu ilə bağlı Elşad Miri ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, bu cür halları müşahidə etmədən fikir bildirmək olmaz: “Dediyiniz nüansları müşahidə etməmişəm. Əgər siz belə hallarla rastlaşmısınızsa, bu heç də dinin təbliği deyil. Burada dindən söhbət belə gedə bilməz. Bir neçə nəfərə görə də ümumi dəyərləndirmə aparmaq olmaz. Bu gün sırf geyim mövzusunda İslam dinində heç bir uniforma anlayışı yoxdur. Başqa dinlərdən fərqli olaraq islamda geyim heç bir göstəriş və təbliğat xarakteri daşımır. Əksinə. İnsanlar sadəcə örtünür. Göstəriş odur ki, saçlarını düzəldib, bəzənib açıq-saçıq geyimlərdə cəmiyyət içinə çıxırlar. Başını bağlayan, çadraya bürünən qadınlar isə göstəriş etməmək üçün bunu edirlər. O ki qaldı, “kərbəlayi”, “hacı”, “məşədi” kimi müraciətlərə islam titullar dini deyil. Bunun islamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İslam həyat tərzidir, yaşayış dinidir. Peyğəmbərimiz buyurub ki, “Allah insanların surətinə deyil, qəlblərinə baxır”.
İçərişəhər Gileyli Məscidi dini icmasının sədri Mirhəmin Məmmədov deyib ki, insanların ictimai yerlərdə bu cür qayda pozuntusuna yol verməmələri, özlərini digər insanlardan üstün tutmaları yol verilməz haldır:
“Heç bir din insana bir başqasının haqqına girməyi, onun hüquqlarını tapdalamağı demir. Hər bir insanın həyatda yalnız özünə ayrılan hüquqları var ki, bu da müəyyən sərhəd daxilindədir. Bu hüdudları aşmamaq şərtilə ictimai normalara riayət etmək lazımdır. Dediyiniz hallar təəssüf ki, bu gün müşahidə edilir. Lakin mən deməzdim ki, bu, dinlə bağlıdır. Bu, hər insanın şəxsi keyfiyyəti ilə bağlıdır. Əxlaqi dəyərlər desək, daha doğru olar. Cəmiyyətdə əlillərə, hamilə qadınlara, yaşlılara müəyyən dərəcədə qayğı göstərilir. Lakin baxın görün, bu normalara hər kəs eyni dərəcədə riayət edirmi? Xeyr. Beş barmağın beşi də bir ola bilməz. Bu nə ilə fərqlənir? Əlbəttə ki, burada əsas olan insani keyfiyyətlərin nə dərəcədə yüksək olmasıdır. Heç bir geyim insanı başqasından üstün edə bilməz. Bu, nə beynəlxalq etiket normalarında, nə də dini ayələrdə yoxdur. Bu cür insanlar sadəcə eqoist və cəmiyyətdə özünü normal şəkildə idarə etməyi bacarmayanlara xas keyfiyyətlərdir.”

Daha Çox Göstər

Bənzər Məqalələr

Close