Xəbər

“Bədii ədəbiyyat milli sərvətimizdir” adlı tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının “Bədii ədəbiyyat milli sərvətimizdir” mövzusunda keçirdiyi tədbirdə çıxış edən kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova muxtar respublikada gedən mədəni yüksəlişin kitabxanaların işinə də müsbət mənada təsir göstərdiyini bildirib. Aytəkin Qəhrəmanova Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Mütaliə günü” layihəsi çərçivəsində kitabxananın müxtəlif elm və təhsil müəssisələrində keçirdiyi tədbirlərdən, onların əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O, bu cür tədbirlərin əhali arasında kitaba olan marağın daha da artırmaq, kitabxanalara daha çox oxucu cəlb etmək, mütaliə mədəniyyətinin inkişaf etdirmək məqsədini daşıdığını bildirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən verilən məlumata görə, sonra Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu”, M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “Bədii ədəbiyyat və mütaliə mədəniyyəti”, kitabxananın komplektləşdirmə şöbəsinin müdiri Tamella Əsgərova “Biz niyə bədii ədəbiyyat oxumalıyıq?” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra mövzu ilə əlaqədar Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılova çıxış edərək kitabxana ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Tədbir çərçivəsində “Bədii ədəbiyyat milli sərvətimizdir” başlığı altında təşkil edilən səyyar sərgiyə baxış olub.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close