Sosial

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Kənd təsərrüfatı sahəsində ixtisaslaşan şirkətin vəzifəli şəxslərinin fəaliyyətində aşkarlanan qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də xırda buynuzlu heyvanların məcburi kəsiminə, əmtəəlik satışına və əmək haqqı əvəzinə verilən xırda buynuzlu heyvanlara görə ümumilikdə müəssisəyə 19 min 765 manat məbləğində ziyan dəyməklə balans dəyəri 163 min 388 manat olan 1584 baş xırda buynuzlu heyvanın çatışmazlığı aşkar olunub, habelə ilkin balans dəyəri 25 min 655 manat olan 3217 baş doğulacaq xırda buynuzlu heyvan uçotdan gizlədilib.

Həmin qanunsuz hərəkətlərin qeyd edilən cəmiyyətin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən istifadə etməklə törədilməsində şübhələr üçün əsaslar yarandığından fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Açar Sözlər
Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close