Kriminal

Ağdaşın icra başçısı müavininin oğlu həbs olundu (YENİLƏNDİ)

Məktəbin binasına ziyan dəyməyib

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.
Belə ki, Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib.
Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.
***
Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib.
Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.
Məsələ ilə bağlı Publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb.
“Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə hasarın küncündə işıq dirəyinə çırpılan maşın onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək”.
İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib:
“Gözətçi zərbə səsinə çölə çıxıb, bir maşının hasara çırpıldığını görüb. Maşının məkrəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan maşın idarə etməz”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close