İqtisadiyyat

38 mindən çox vergi ödəyicisinin borcu silinib

2017-ci ilin birinci rübündə regionlarda ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artıb. Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz artıb.

Bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunub, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olmuş və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilib.

O, qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb:

“Qanuna əsasən, regionlarda qeydiyyatda olan 38111 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan 107 mln. manat borcu silinib. Bu isə vergi ödəyiciləri tərəfindən rəğbətlə qarşılanıb və sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında olan vəsaitlərin həcminin artmasına şərait yaradıb. 3285 vergi ödəyicisi tərəfindən maliyyə sanksiyaları üzrə borclarının müəyyən faizi ödənilərək, onların daha 4,8 mln. manat borclarının silinməsi də təmin edilib”.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close