Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov da iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, soyqırımı qurbanlarına və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər. Dəyirmi masa ətrafında baş tutan tədbirdə tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş videoçarxa tamaşa ediblər. Daha sonra şagirdlərin ifasında soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya təqdim olunub.
Tədbirdə çıxış edən Vüqar Dadaşov Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən, xalqımıza və millətimizə qənim kəsilmiş erməni faşizmi tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı qətilamı barədə məlumat verərək qeyd etdi ki; “Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı-acılı səhifələrini təşkil edir. Lakin bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.”
Tədbir çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib, şagirdlərin yaratdıqları rəsm əsərləri ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş:
Yuxarı